Keyfiyyətsiz məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Yasamal rayonunda "Çinar market"də, Sabunçu rayonunda "Qırmızı market"də, "Allahverdi market"də, "Ordubad market"də, Mənsurə İgidovaya, Bəhram Əhmədova, Rövşən Məmmədova məxsus mağazalarda, Suraxanı rayonunda "Xanbulan market"də, "Nərmin market"də, Nərimanov rayonunda "Holland market"də, Ağdam rayonunda Rahib Mustafayevə, Qusar şəhərində Bahadır Mikayılova məxsus mağazalarda, Balakən şəhərində "Turan" mağazasında, Beyləqan şəhərində "Qabil market"də ümumi çəkisi 229 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...