Daha keyfiyyətli internet üçün nə lazımdır? AÇIQLAMA

Daha keyfiyyətli internet üçün nə lazımdır? AÇIQLAMA

"Azərbaycan internetinin hazırda 2 ciddi problemi yaranıb". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, son dövrlərdə internetin keyfiyyəti hədsiz pisləşib: "Bu gözlənilən idi. Səbəblərini artıq açıqlamışıq. Düşünürəm ki, indiki halda ən təsirli tədbir provayderlərə qarşı ciddi nəzarətin təşkil olunmasıdır. "Çəkidə aldatmaq" məsələsinə son qoyulmalıdır. Bu isə çox sadədir. Aidiyyatı qrum müstəqil qurumları da cəlb edərək sadə bir monitorinq keçirməklə müəyyən edə bilərlər ki, provayderin mövcud istifadəçilərinə tələb olunan toplam internet sürəti nə qədərdir və onun backbone provayderdən topdan aldığı trafik nə qədərdir? Yəni tələbatı nə qədərdi və nə qədər satır. Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Delta Telekom-la provayderlər arasında olan borc məsələsinin həllinə diqqət yetirilməsi də internetin keyfiyyətinə xeyli müsbət təsir edə bilərdi.

Son dövrlərdə WhatsApp, Skype və s bu kimi resurslara blok qoyulub. Bunun da səbəbləri haqqında açıqlama vermişik, təbii ki, əsasən təhlükəsizliklə bağlıdır. Güman ki bu tip xidmətlər təqdim edən resurslar addım-addım bloklanacaq. Anlaşılandır. Bunu sübut etməyə ehtiyac yoxdur ki, informasiya münasibətlərinin və müxtəlif xidmətlərin reallaşmasında ciddi rol oynayan bu tip resursların uzun müddət məhdudlaşdırılması ölkəmiz üçün yolverilməzdir. Belə olan halda düşünürəm ki hökumət alternativlər təklif etməlidir. Hansı resurslardan istifadə etsin vətəndaşlarımız ? Hansılar tövsiyyə olunur ? Beynəlxalq rabitə xidmətlərinin, rominqin tariflərinin hədsiz baha olduğu bir şəraitdə vətəndaşlar nə etməlidir ?

Bəlkə özümüzün bu tip resursumuzu yaradaq ? Bəlkə hökumət dəstək versin ki bizim özümüzün bu tip milli startapı hazırlansın.

Düşünürəm ki, müharibə şəraitində olan ölkə üçün, son dövrlərdə ölkəmizə xarici təsirlərin də artdığının müşahidə olunduğu bir zamanda təhlükəsizliklə bağlı atılan addımlar anlaşılandır və zəruridir.Bununla belə yuxarıda qeyd olunanlarla bağlı hökumət tərəfindən ciddi addımların atılmasını, alternativlərin təqdim edilməsini, bu sahədə mövcud problemlərin həlli istiqamətində təsirli tədbirlər görülməsini vacib hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə