Muxtar respublikada arıçılıq təsərrüfatlarının inkişafı, arıçılıq məhsullarının istehsalının artırılması və ixrac potensialının gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Arıçılığın inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamla "2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, muxtar respublikada bu sahə ilə məşğul olan sahibkarlara verilən güzəştli kreditlər arıçılıq məhsullarının ixracına əlverişli şərait yaradır. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kreditlər verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb.
Ötən müddətdə muxtar respublikada dövlət maliyyə dəstəyi ilə "Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ordubad rayonunun Üstüpü kəndində Fikrət Abdullayev və Babək rayonunun Zeynəddin kəndində Ceyhun Həsənov tərəfindən balın emalı və qablaşdırılması sahələri yaradılıb. Bu ilin birinci rübündə Culfa rayonunun Qızılca kəndində dövlət maliyyə dəstəyi ilə İlqar Hüseynov tərəfindən mövcud 15 arı ailəsindən ibarət təsərrüfatın genişləndirilərək 80 arı ailəsinə çatdırılması və Şahbuz rayonunun Sələsüz kəndində özəl investisiya qoyuluşu hesabına Etibar Məmmədov tərəfindən gücü saatda 40 kiloqram olan mum vərəqi istehsalı sahəsinin yaradılması davam etdirilib.
Arıçılıq məhsulu olan çiçək tozunun tədarükü və qablaşdırılması, ana arı yetişdirmə təsərrüfatının və arı ailələri üçün qış yemlənməsində istifadə olunan vitaminli qida istehsalı sahələrinin yaradılması istiqamətində layihələr hazırlanıb, iqtisadi səmərəliliyi araşdırılıb və iri arıçılıq təsərrüfatları ilə layihələrin təqdimatı keçirilib. Bundan başqa, arıçılıq təsərrüfatlarında istifadə olunan arıçılıq ləvazimatlarının, arı yeşiyi, çərçivə, körük, arıçı geyim forması və əlcək istehsalı sahələrinin yaradılması istiqamətində sahibkarlar arasında maarifləndirmə tədbirləri aparılıb, dövlət maliyyə dəstəyi çərçivəsində yeni layihələr təklif olunub.
Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün yaradılmış "Naxçıvan Muxtar Respublikası Arıçıları" İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində pilot layihənin tətbiqi və qrant vəsaitlərinin cəlb edilməsi məqsədilə iqtisadi-texniki əsaslandırmanın hazırlanması istiqamətində tədbirlər davam etdirilir.
Bu gün muxtar respublikada arıçıların əsas problemlərindən biri də məhsulların qablaşdırılması ilə bağlıdır. Arıçılıq məhsullarının ixracı və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən qablaşdırma çox önəmli rola malikdir. Arıçılıq təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə "Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 175 təsərrüfatdan 4 min 431 kiloqram bal məhsulu tədarük olunub.
Bu ilin mart ayında İran İslam Respublikasının Urmiya şəhərində keçirilən sərgidə "Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qablaşdırılmış bal məhsullarının sərgisi, tanıdılması və satışı həyata keçirilib, həmçinin bu məhsulların Bakı şəhərində satışının təşkil olunması istiqamətində tədbirlər görülür.
Muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Cari ilin ötən dövründə "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarının 22 halda səyyar və 2 halda laboratoriya təhlilləri aparılıb, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
"2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı" yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradır. Proqramın icrası nəticəsində bu sahədə daha böyük uğurlar qazanılacaq, yerli və ənənəvi arı cinsləri yetişdiriləcək, məhsul istehsalı artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB