Azərbaycan brendini dünyada tanıtmaq üçün hansı işlər görülməlidir? REPORTAJ

Azərbaycan bir çox rəqabətqabiliyyətli kənd təsərrüfatı və aqrar sektor məhsullarının artırılması potensialına malikdir. Ölkəmizdə yetişdirilməsi, saxlanılması və ixracı üçün hazırda münbit şəraiti olan bir qrup kənd təsərrüfatı və aqrar sektor ixrac həcminin artırılması potensialından istifadə edilməsinə ehtiyac var. Məhz buna görə də bu sahədə ixrac potensialının daha obyektiv qiymətləndirilməsi və səmərəli ixrac istiqamətlərinin müəyyənləşdirilməsi problemləri həll edilməlidir. Hazırda Azərbaycan məhsullarının xarici ölkə bazarlarına çıxarılması üçün reklam, marketinq məsələlərinə xüsusi diqqət yetirilir. "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliğinə, yeni məsələlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər olmasına, sərgilərin təşkili, ixracla əlaqəli çəkilən xərclərin dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulur. "Made in Azerbaijan" brendini dünyada tanıtmaq üçün hansı işlər görülməlidir? Bunun üçün ekspertlərə müraciət etdik.

Millət vəkili Tahir Mirkişili:

"

"Made in Azerbaijan" brendi ilə dünyaya çıxan Azərbaycan məhsulları tədricən artmaqdadır. Bu proses iqtisadi gəlirlə yanaşı, ölkənin tanınması baxımından vacib əhəmiyyət kəsb edir. Belə ki, bu Azərbaycanın dünya miqyasında daha çox tanınmasına, ölkəyə, xüsusən də turizm sektoruna, dünyada Azərbaycan məhsullarına tələb yaranması və digər bu kimi parametrlər baxımından perspektiv vəd edir. Brendin tanıdılması və inkişaf etdirilməsi çox mürəkkəb və xeyli səy tələb edən bir prosesdir. Alıcıların brendin xeyrinə qərar verməsində onların brendə inamı mühüm yer tutur. Bu məqsədlə qısa müddət ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə dövlət tərəfindən 7 ixrac missiyası həyata keçirilib. Eyni zamanda bir çox beynəlxalq sərgilərdə Azərbaycan məhsullarının nümayişi həyata keçirilib. Bununla yanaşı xarici bazarlarda reklam və marketinq fəaliyyətinin gücləndirilməsi ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Bütün bunlar Azərbaycan brendinin təbliği, inkişafı yönümündə mühüm tədbirlərdir".

İqtisadçı Vüqar Bayramov:

"Made in Azerbaijan" brendinin yaradılması və dünyanın müxtəlif ölkələrində təqdimatının keçirilməsi Azərbaycan və onun məhsullarının tanıdılması baxımından əhəmiyyət daşıyır. "Made in Azerbaijan" brendini dünyaya çıxarmaqla Azərbaycan məhsullarının fərqliliyini, keyfiyyətini göstərməklə yanaşı, yeni bazarlarda tanıdılmasına nail olmaq mümkün olacaq. Bu kontekstdən "Made in Azerbaijan" sadəcə Azərbaycan məhsullarının tanıdılması deyil, həm də ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Çünki ölkə məhsulunun tanıdılması nəticəsində ona tələbin artması ölkəyə daha çox ixrac deməkdir. Eləcə də "Made in Azerbaijan" brendi ölkənin tanıdılması baxımından əhəmiyyətlidir. Bu da ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verəcək".

Millət vəkili Azər Badamov:

"Azərbaycanda ixrac yönümlü məhsulların istehsalı üçün hər cür şərait var. İxrac yönümlü məhsulların istehsalı üçün kənd təsərrüfatının ayrı-ayrı sahələri, emal sənayesi, sənaye mallarının istehsalı, kosmik sənayemiz, hərbi texnika istehsalı, turizm sənayesinin ixracı, təbii ehtiyatlardan müxtəlif çeşidli məmulatların hazırlanması və ixracı qeyd etmək olar. Azərbaycanın yeni iqtisadi modelinin hədəflərii iqtisadi islahatlar, innovasiya və texnologiyalara əsaslanan iqtisadi inkişafdır. Azərbaycanın qeyri-neft ixracını artırmaq, "Made in Azerbaycan" brendini dünyada tanıtmaq və ixrac etdiymiz malları bazarlara çıxarılmasının şaxələndirilməsi istiqamətində işlər görülməlidi. Ölkə başçısının da qeyd etdiyi kimi, inkişaf üçün dövlət və özəl sektorun birgə fəaliyyəti ilə böyük nəticələr əldə etmək olar. Azərbaycan brendini dünyada tanıtmaq üçün ixrac olunan malların keyfiyyətli olmasını təsdiqləyən sertifakatlarla yanaşı, laboratoriyalarımızı beynəlxalq akreditasiyadan keçirmək lazımdır. Həmçinin ixrac proseslərini, o cümlədən kadr hazırlığına xüsusi diqqət göstərmək bir çox ölkələrdə Azərbaycanın ticarət evlərini yaratmaqla yanaşı beynəlxalq sərgilərdə mütəmadi iştirakını təmin edilməlidi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...