Valyutadəyişmə məntəqələri bərpa edilir AÇIQLAMA

Vüqar Bayramov: "Valyutadəyişmə məntəqələrinin olmaması qara bazarın inkişafına gətirib çıxardı"
Valyutadəyişmə məntəqələri bərpa edilir AÇIQLAMA

Valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bir il öncə valyutadəyişmə məntəqələri ləğv edilən zaman bunun doğru addım olmadığını deyərək, bu xidməti bərpa etməyin vacibliyini bildirmişdik: "Hətta ötən ilin payızında valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərimizi də hökumətə təqdim etdik. Valyuta dəyişmə məntəqələri o zaman "qara bazar" ilə əlaqələndirilirdi, amma nəticə oldu: bu məntəqələr bağlanandan sonra "qara bazar" çiçəklənməyə başladı. Valyutadəyişmə məntəqələrinin olmaması qara bazarın inkişafına gətirib çıxardı. Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 min iş yeri demək idi. Bu məntəqələr ləğv edilən zaman məhz 6 min iş yeri bağlandı. Bu baxımdan, valyutadəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir".

Vüqar Bayramov qeyd edib ki, əksər bankların alış və satış kursu arasında fərq yenə də var: "Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq nəzərə çarpdı. Əslində, səbəblərdən biri məhz valyutadəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi. Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən "qara bazar"da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir. Bu isə ondan xəbər verir ki, valyutadəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək. Valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti "qara bazarda" fəaliyyət göstərirdilər. Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər. Bir il öncə "qara bazarın" yaranmaması üçün valyuta dəyişmə məntəqələrinin ləğv edildiyi bildirilsə də, əslində indi bu məntəqələr "qara bazarı" ləğv etmək üçün bərpa edilir. Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə