Arif Rəhimzadə: "Sənədsiz evlərlə bağlı problem tədricən həllini tapacaq"

Arif Rəhimzadə: "Sənədsiz evlərlə bağlı problem tədricən həllini tapacaq"

"Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərmana əsasən tədricən həllini tapacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Komitə sədrinin sözlərinə görə, elə evlər var ki, neft torpaqlarında tikilib: "Belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda öz əksini tapıb. Məsələn, bu evlər tikiliməzdən öncə gərək layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni Azərbaycan prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir".

Bakıda və Abşeron yarımadasında əsasən bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərlə bağlı məsələyə toxunan A. Rəhimzadə bu hallarda qanunvericiliyin tələblərinin pozulduğunu söyləyib: "Hesab edirəm ki, Azərbaycan Prezidentinin bir il əvvəl imzalanmış fərmanına əsəsən bu sahədə məsələlər həllini tapmalıdır".

Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair çıxarışı (kupçası) olan tikililər sadələşdirilmiş qaydada sənədləşdirilməlidir. Bununla bağlı müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə