Astarada 9 ayın yekunları müzakirə olundu FOTOLAR

Bu il Astarada 40 min tondan çox sitrus meyvəsi yığılması proqnozlaşdırılır
Astarada 9 ayın yekunları müzakirə olundu FOTOLAR

Oktyabrın 21-də Astara rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev oktyabrın 7-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dövlət başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb.

Əlavə edib ki, 2016-cı ilin 9 ayında Astara rayonunda bütün sahələrdə uğurlu nəticələr qazanılıb. Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda xeyli iş görülüb. Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, hər iki məktəb binası istifadəyə verilib. Rayon kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın tikintisi başa çatdırılıb, hazırda avadanlıqların quraşdırılması işləri görülür. Ələt-Astara-İran sərhəd avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara rayonunun ərazisindən keçən 8.3 km-lik dəmir yol xəttində torpaq bünövrə işləri yekunlaşıb, hazırda dəmir-beton konstruksiyaların quraşdırılması işləri davam etdirilir.

İcra başçısı Cənab Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair müvafiq Sərəncamının icrası olaraq "Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayonda mənzil növbəsinə duran 43 şəhid ailəsindən 4 ailə üçün fərdi yaşayış evi tikilərək onların istifadəsinə verildiyini söyləyib. Şəhər ərazisində yerləşən 10 çoxmənzilli yaşayış binasında təmir işləri yekunlaşdırılıb.

2016-cı ilin 9 ayı ərzində 441 evin qazlaşdırılması həyata keçirilib. Əhali abunəçiləri üçün 441 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilib, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16328-ə çatdırılıb.

Rayonda aqrar sahənin inkişafına diqqət xeyli artırılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Azər Əmiraslanov, və digər aidiyyəti qurumların rəhbər işçilərinin iştirakı ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib, müşavirədə rayonda ənənəvi əkin sahələrinin, çoxillik bitkilərin, o cümlədən çayçılıq və sitrusçuluğun inkişafı üçün gözəl imkanların olduğunu diqqətə çatdırılıb.

Rayonda hər il olduğu kimi bu il də yeni sitrus bağları salınıb ki, nəticədə sitrus meyvə bağlarının ümumi sahəsi 2247.5 hektardan çox olub. Hazırda sitrus meyvə bağlarında qızğın əkin işləri aparılmaqla yanaşı bar verən bağlarda məhsul yığımına başlanılıb. Proqnoz rəqəmlərə görə bu il məhsul yığımı 40 min tondan yüksək olacaqdır.

Görülmüş işlər nəticəsində çəltik sahələri genişləndirilərək 132 hektara çatdırılıb ki, bu da keçən illə müqayisədə 2,1 dəfə çoxdur. Cari ildə 542.7 ton çəltik istehsal olunub, hər hektarda 45.7 sentner məhsul götürülüb.

Rayon üçün ixtisaslaşmış sahələrdən olan çayçılıq daim diqqətdə saxlanılmaqla mütəmadi olaraq yeni çay sahələri salınır, çayçılığın inkişaf etdirilməsi ilə bağlı ciddi işlər görülür. Hazırda rayon ərazisində çay sahələri genişləndirilərək 345 hektara çatdırılıb. Cari ildə 554 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Hazırda çay yarpağının yığımı davam etdirilir.

Məruzə ətrafında rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Elbrus Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Həsənov çıxış ediblər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etdibr ki, doğrudan da 2016-cı ilin 9 ayında rayonda xeyli iş görülüb. Görülən işlər əlbəttə ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin bizim birgə səylərimiz nəticəsində həyata keçirilir. Bütün bunların gələcəkdə də rayonumuzda nəhəng layihələrin həyata keçirilməsi ümidini bir daha gerçəkləşdirdiyini qeyd edən İcra başçısı qarşıda duran vəzifələr, görüləcək işləri də diqqətə çatdırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə