Azərbaycan nümayəndəsi İTSO-nun Mandat Komitəsinin sədri seçilib
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası öz işinə başlayıb. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirin ilk günündə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərkosmos" ASC-nin hüquq departamentinin direktoru İlqar Abdullayev İTSO-nun Mandat Komitəsinin sədri seçilib. Belə ki, İTSO-nun Tərəflər Assambleyasının 37-ci iclası zamanı aparılmış gərgin müzakirələr və danışıqlar nəticəsində Azərbaycan Respublikası təşkilatın Şərqi Avropa və Şimali Asiya ölkələri qrupundan (C qrupu) İTSO-nun Mandat Komitəsinə üzv qəbul edilib.
Daha sonra İTSO-ya üzv ölkələrin yekdil qərarı ilə Lüksemburq, Butan, Cənubi Afrika və Kanadanın da üzv olduğu Mandat Komitəsinin sədri vəzifəsinə Azərbaycan Respublikasının nümayəndəsi İlqar Abdullayev seçilib. Mandat Komitəsinin sədri kimi çıxış edən İ.Abdullayev ölkəmizə göstərilmiş etimada görə üzv ölkələrə təşəkkürünü bildirərək, Mandat Komitəsinin səlahiyyətində olan bir sıra məsələlər barədə danışıb.
Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası öz işini oktyabr ayının 14-də qədər davam etdirəcək. Bu xüsusda Fransa, İspaniya və Uqandadan olan üç namizəd arasından İTSO-nun yeni Baş direktorunun seçilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB