Bakıda “Quşçularının Beynəlxalq Forumu” keçirilib FOTOLAR - SƏS TV

Bakıda “Quşçularının Beynəlxalq Forumu” keçirilib FOTOLAR - SƏS TV

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Avrasiya Quşçular Assosiasiyasının təşəbbüsü, Azərbaycan Quşçular Assosiasiyasının dəstəyi ilə bu gün Bakı Biznes Mərkəzində "Quşçularının Beynəlxalq Forumu" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hökumət nümayəndələri, eləcə də avadanlıq, yem əlavələri, baytarlıq preparatları təchizatçısı olan MDB və xarici dövlətlərin, habelə digər maraqlı şirkətlərin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Quşçular Assosiasiyasının, Avrasiya Quşçular Assosiasiyasının üzvü olan müəssisələrin, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev quşculuq sahəsində təcrübənin yayılması istiqamətində mühüm əhəmiyyət kəsb edən Beynəlxalq Quşçuluq Forumunun iştirakçılarını salamlayıb.

M.Musayev çıxışında qeyd edib ki, sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dünya əhalisinin sürətlə artması nəticəsində ərzaq təhlükəsizliyi əsas problem olduğu dövrdə hər bir ölkə öz əhalisini ərzaq məhsulları ilə təmin etmək ücün bir sıra dövlət proqramları həyata kecirilir.

Son illər ölkədə özəl sektorun inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilir, demək olar ki, sahibkarlıq yeni dövrə qədəm qoyur. İqtisadiyyatın bir çox sahələri kimi, respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daima dövlətin diqqət mərkəzindədir. Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixrac potensialı da yaradılıb. İntensiv inkişaf sayəsində ölkə 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir. Belə ki, cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10,2 milyon baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Forum iştirakçılarını salamladıqdan sonra Quşçuluq sahəsindəki vəziyyətdən, həmin sahənin müasir standartlara uyğun məhsul istehsalı qabiliyyətindən söhbət açıb.

Bu sahəyə daim dövlət dəstəyi göstərilib, 2009-cu ildən başlayaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verilmişdir. Nəticədə yeni quşçuluq kompleksləri inşa olunub, fəaliyyət göstərən fabriklər yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunub. Bu gün quş məhsulları istehsalı əvvəlki illərə nisbətən bir neçə dəfə artıb. İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatmışdır. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur.

Quş əti məhsullarının istehsalı ilə məşğul olan iş adamlarının həyatında mühim hadisə hesab olunan bu forumda quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təhcizat məsələləri müzakirə olunub.

Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev Avrasiya Quşçular Assosiasiyasının qarşısında duran hədəflərdən söhbət açıb. Sergey Şabayev bildirib ki, bu sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu sahədə qarşılıqlı əməkdaşlıq Azərbaycanda quşçuluğun inkişafına təkan vermiş olar.

Forumda eyni zamanda bildirildi ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar axtarılır, ilkin olaraq MDB ölkələrinə çıxış nəzərdə tutulmuş, ölkədə ilk dəfə olaraq kənd təsərrüfatının quşçuluq sahəsində daxili tələbatı ödəməklə yanaşı, xaricə ixrac imkanı da yaradılıb.

Daha sonra forum ayrı-ayrı sesiyalarla öz işini davam etdirib.

Qeyd edək ki, ötən il keçirilən Beynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Avrasiya Quşçuluq Assosiasiyası arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdı. Bu sənəd əsasında iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla yanaşı, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq da həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə