Yeni neft sazişi təsdiqlənib

Bu gün Milli Məclisin növbədənkənar iclasında Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov söyləyib ki, sazişin müddəti 25 ildir, əlavə 5 il müddətinə uzadıla bilər: "Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kotrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, qanun Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Sazişə əsasən 5 il sonra fəhlələrin 95 faizi, mühəndislərin 90 faizi Azərbaycan vətəndaşları olmalıdır".

Müzakirəlrə zamanı çıxış edən millət vəkili Çingiz Qənizadə bildirib ki, insanlar qanun layhəsini ümidlə gözləyir: "Çünki, layihəyə əsasən yeni iş yerlərinin açılması böyük sevinc doğurur. Ümumilikdə layihəni dəstəkləyirəm. Qanun layihəsi Azərbaycan vətəndaşlarını qoruyan layihədir".

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə