Astara rayonun ən qədim yaşayış məntəqələrindən biri olan Suparibağ kəndində son illər xeyli abadlıq və quruculuq işləri görülüb. Yollar asfaltlaşdırılıb, Suparibağ və Rüdəkənar kəndlərində yeni müasir tipli məktəb binaları tikilərək istifadəyə verilib. SİA-nın məlumatına görə, iyunun 9-da rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kəndində vətəndaşlarla növbəti dəfə səyyar qəbul və görüş keçirib. Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vahab Vahabov əvvəlki səyyar qəbul və görüşdən sonra görülən işlər barədə məlumat verərək qeyd edib ki, rayon rəhbərliyinin qayğısı nəticəsində ərazi nümayəndəliyini əhatə edən kəndlərdə əhalinin sel sularından mühafizəsi məqsədilə təhlükəsizlik tədbirləri uğurla yerinə yetirilib. Suvarma Sistemləri İdarəsinin kollektivi suötürücü kanalların təmizlənib dərinləşdirilməsi işlərini sürətlə davam etdirir. Mal-qaranın yoluxucu xəstəliklərdən qorunmasını təmin etmək üçün rayon Baytarlıq İdarəsi tərəfindən profilaktiki işlər uğurla aparılır. Nümayəndəliyin ərazisində əkinə yararlı torpaq sahələrindən istifadə edilməsinə diqqət artırılıb, əvvəlki ildəkindən iki dəfə çox əkin aparılmışdır.
Kənd sakinlərindən Aydın Məcidov, Salam Quliyev, Nazənin Məmmədova, Rəvanə Baxşıyeva və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlardan razılıqlarını bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Kənd sakinləri görülən işlərlə yanaşı, Suparibağ kənd tam orta məktəbində idman yarışlarının keçirilməsi üçün şərait yaradılması, Qapıçıməhəllə kənd məktəbi üçün yeni binanın tikintisi, əhalinin sel sularından qorunması və.s barədə təkliflər vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinləri ilə səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar yaxın vaxtlarda konkret və əməli tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. İcra başçısı qeyd etmişdir ki, ərazi icra nümayəndəliyini əhatə edən kəndlərdə son vaxtlar əkinə yararlı torpaq sahələrindən istifadə edilməsinə diqqətin artırılması təqdirəlayiqdir. Xüsusən çəltikçilik sahəsinə geniş yer verilməsi yaxşı haldır. Məhsuldarlığı yüksək olan çəltikdən gələn gəlir də digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə xeyli çoxdur. Çəltik əkinini artırmaqla həm ailə gəlirini artırmaq, yaşayış səviyyəsini yüksəltmək, həm də ölkədə məhsul bolluğu yaratmaq mümkündür. Astara düyüsünün şöhrəti respublikamıza yayılmışdır. Bu qiymətli ərzaq məhsulunun alıcısı çoxdur. Ona görə də çəltikçilik üçün çox yararlı olan Suparibağ ərazi nümayəndəliyində bu sahəyə daha çox diqqət ayrılmalıdır. Digər kənd təsərrüfatı məhsullarının istehsalı da diqqətdən kənarda qalmamalıdır. Bu işlərin aparılmasından ötrü tərəfimizdən hər cür köməklik göstəriləcəkdir.
Son illər ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran İcra başçısı bu istiqamətdə işlərin daha sürətlə davam etdiriləcəyini bildirib. Suparibağ və Rüdəkənar kəndlərində müasir tipli yeni məktəb binaları tikilib istifadəyə verilməsini, yolların asfaltlaşdırılmasını, qaz xəttinin çəkilməsini, elektrik təsərrüfatında təmir işlərinin aparılmasını və digər abadlıq işlərinin görülməsini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsidir.
İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan İcra başçısı bu işlərdə hər zaman ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulayıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB