Neftin qiyməti “fontan” vurur: SƏBƏBLƏR

"OPEC ölkələrinin aprelin 17-də Doha görüşü nəticəsiz başa çatdıqdan sonra qiymətlərin yenidən enəcəyi gözlənilirdi. Hazırda müşahidə olunan tendensiya da göstərir ki, neftin dünya bazar qiymətləri ilə bağlı hətta növbəti gün üçün də proqnoz vermək mümkün deyil. Çünki ortada təsiredici amillər çoxdur. Və bunlar həm iqtisadi, həm də siyasi xarakter daşıyır". Bu fikirləri SİA-ya İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, neft qiymətinin asılı olduğu və nəzərə alınması vacib bəzi cəhətlər var: "Bura daxildir: ABŞ-da neft ehtiyatları barədə açıqlanan göstəricilər, ABŞ-da neft hasilatı həcmiylə bağlı açıqlanan rəqəmlər, ABŞ milli valyutası olan dolların indeks göstəricisi, Çin iqtisadiyyatında vəziyyət, o cümlədən Avropa İttifaqında iqtisadi artım, OPEC ölkələrində hasilat ilə əlaqədar gələn məlumatlar. Göründüyü kimi, nəzərə alınması vacib olan cəhətlər sırasında 3-ü bilavasitə ABŞ-laa bağlıdır. ABŞ prezidenti Barak Obamanın bu günlərdə Səudiyyə Ərəbistanına səfəri fonunda neftin qiymətinin 45 dollardan yuxarı həddi vurmasına məhz sonuncu prizmadan baxaraq izah vermək lazımdır. Ancaq əsas səbəb sözsüz ki, bu deyil. Görünən budur ki, qiymətlərin qalxmasında neft üzrə bu iki böyük güc maraqlıdır. Odur ki, sözügedən səfər zamanı hər iki tərəf arasında müəyyən razılığa gəlinməsi istisna olunmamalıdır".

Ekspert qeyd edib ki, ABŞ-da neft ehtiyatları barədə açıqlanan göstəricilər ilə neft hasilatı həcmiylə bağlı açıqlanan rəqəmlər müsbət deyil: "Birinciyə şəxsən mən, heç vaxt birmənalı yanaşmamışam. Yəni, bu məlumat bəzən qiymətlərə süni təsir etmək məqsədi də daşıyır. Amma neft hasilatı həcmiylə bağlı açıqlanan rəqəmlər ciddi qəbul olunmalıdır. Qeyd edək ki, adı çəkilən ölkədə hasilat həftə ərzində günə 24 min barel azalaraq 2014-cü ilin oktyabr ayındakı sutka ərzində 8,953 milyon barel səviyyəsinə düşüb. Ancaq ən əsas amil isə dollarla - ABŞ milli valyutasının indeks göstəricisi ilə bağlıdır. Hansı ki, Federal Ehtiyat Sistemi (FED) da öz növbəsində son addımları və açıqlamalar ilə dolların bundan sonra möhkəmlənməməsində maraqlı olduğunu nümayiş etdirir. Dolların indeksi zəif olduqda isə neftin bahalaşması təbiidir.

"Düşünürəm ki, bahalaşma çox da davam etməyəcək, o səbəbdən ki, bazarda təklif tələbdən yuxarıdır. Bununla belə, çox ucuzlaşma da baş verəsi deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə