“Neftin qiyməti 35-45 dollar arasında hərəkət edəcək” İLLİK PROQNOZ

"Neft hasilatının dondurulması, onun dünya bazarındakı qiymətinə müəyyən təsir göstərə bilərdi. Çünki, neftin hasilatının dondurulması ilə bağlı xəbərlər belə bazarlara təsir etmişdi". Bu barədə SİA-ya iqtisadçı-ekspert Azər Mehdiyev Dohada neft hasilatının dondurulması ilə bağlı aparılan müzakirələrdən danışarkən deyib.

Onun sözlərinə görə, əgər Dohada neft hasilatının dondurulması ilə bağlı razılıq əldə olunsaydı, yaxın müddətdə neftin hasilatının artmaması və bunun müqabilində neftə tələbatın artması qiymətlərin bahalaşmasına imkan yaradan amil hesab oluna bilərdi: "Lakin bu baş vermədi və dünya bazarında neftin qiyməti aşağı düşməyə başladı. Hazırda neftin qiymətində dəyişikliklər hiss olunmaqdadır".

İqtisadçı-ekspertin fikrincə, razılaşmanın əldə olunmasından asılı olmayaraq, yaxın müddət ərzində neftin dünya bazarında qiyməti bu il ərzində 35-45 dollar arasında hərəkət edəcək: "Neftin dünya bazarındakı qiyməti 35-45 dollardan artıq bahalaşarsa, o zaman bazara yeni neft kütləsinin çıxması üçün imkanlar genişlənəcək. Neftin qiymətinin bundan aşağı düşməsi isə yalnız xüsusi birja oyunları nəticəsində ola bilər. Artıq dünya bazarında neftin qiyməti üçün 35-45 dollar arasında dəhliz formalaşıb ki, neft bu dəhliz üzrə hərəkət edəcək".

A. Mehdiyev qeyd edib ki, ABŞ uçot dərəcəsini qaldırsa, bu, neftin qiymətinə təsir edən amillərdən ola bilər: "Hələ ki, İran bazara neft çıxarmaq gücünə malik deyil. Bunun baş verməsini gözləmək lazımdır. Təklifdə ciddi dəyişiklik olarsa, o zaman neftin qiymətində ucuzlaşma ola bilər".

Azərbaycanda neft hasilatının azalmasının Dohada keçirilən müzakirələrlə əlaqəli olması ilə bağlı fikirlərini bildirən iqtisadçı-ekspert söyləyib ki, Azərbaycan neft hasilatını azaltmayıb: "Bu sadəcə olaraq mövcud texniki imkanlar çərçivəsində baş verən prosesdir. Əvvəldən də bilinirdi ki, Azərbaycanda "Əsrin Müqaviləsi" çərçivəsində neft hasilatı ildən-ilə tədricən azalır. Hazırda Azərbaycanda bu mərhələ yaşanır. Bu, mərhələ Dohadakı müzakirələr və ya neftin dünya bazarında sabitləşməsi naminə atılan addım deyil. Neft hasilatının azaldılması əvvəldən nəzərdə tutulmuşdu. İstəyimizdən asılı olmayaraq, həmin yataqların texniki imkanları üzündən Azərbaycanda neft hasilatı azalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...