Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbirdə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycandan "ADY Express" MMC və "ACSC Logistics" MMC, Qazaxıstandan "KTZ Express" AC, Gürcüstandan "Trans Qafqasus Terminals" MMC Konsorsiuma üzv kimi daxil olublar.
Yığıncağda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunub.
Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına, konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil olub.
Müşahidə Şurası formalaşandan sonra, şuraya sədr seçilib. Bu vəzifəyə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov seçilib. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Eyni zamanda qərara alınıb ki, marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən edilsin.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən "Nomad Ekspress" blok qatarı yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB