"Hansı məhsulların dempinqə məruz qaldığı müəyyən edilməlidir" TƏKLİF
"Antidempinq ölkədə aparılan islahatların dərinləşdirilməsi tədbirlərinə aiddir. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanununun məqsədi daxili bazarı qorumaqdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bunun üçün milli iqtisadiyyatın diversifikasiyası aparılmalıdır: "Yüngül sənaye istehsalının aşağı olması bazarın ucuz idxal məhsulları ilə dolmasına səbəb olur. Bu proses tənzimlənərsə, istehsal da artacaq".
Deputat Vahid Əhmədov qanun layihəsinin dilinin mürəkkəb olduğunu dilə gətirib: "Qanun layihəsinin dili başadüşülən deyil. Layihə haradan köçürülübsə, başa düşülmür. Elə köçürün ki, heç olmasa biz mütəxəssislər başa düşə bilək. Qanunun dili sadə və anlaşıqlı olmalıdır. Sözügedən qanunda ciddi səhvlər var. Bütün bunları nəzərə alaraq düşünürəm ki, layihə ikinci çıxarılmamalıydı"
Millət vəkilinin sözlərinə görə, əvvəlcə Azərbaycanda hansı məhsulların dempinqə məruz qaldığı müəyyən edilməlidir. Daha sonra məbləği hesablamaq lazımdır. Bəlkə heç qanuna ehtiyac yoxdur? Bundan başqa antidempinq qanununu həyata keçirəcək mütəxəssislər olmalıdır. Layihədə qeyd olunub ki, qanunun onun dərcindən 3 ay sonra qüvvəyə minəcəyi nəzərdə tutulur. Bu müddətin nə üçün gərəkli olduğu anlaşılmır".
Deputat Əli Məsimli də öz növbəsində sənədin dilinin mürəkkəbliyini qeyd edib: "Qanun layihəsi iş adamları ilə dövlət orqanları arasında münasibətləri təmin edəcək . Bu baxımdan layihənin dili sadə olmalıdır. Qanun yalnız bir Nazirlik tərəfindən hazırlanmamalıdır, burada müxtəlif qurumlar birlikdə işləməlidi. Əgər qanun hazırkı formada qəbul olunarsa, Azərbaycanda sənaye və sahibkarlıq batacaq. Layihə paket formasında təqdim olunmalıdır. Azərbaycan ÜTT-yə qoşulmaq yolundadır. Bunun üçün azad ticarət və dempinqin nisbəti düzgün götürülməlidir. Azərbaycana gələn mallar inhisarçılıqda olub, artıq bu problem aradan qaldırılır. Əgər qanun bu şəkildə qəbul olunarsa, bundan sui-istifadələr ola bilər. İndiyədək mal gətirməyənlərdən başqa digər şəxslərin mal idxalına dempinq adı ilə qadağa qoyula bilər. Ona görə də qanun sadələşdirilməlidir. 30-cu maddədə qeyd olunur ki, tərəflər mübahisəli məsələ olduqda məhkəməyə müraciət etməlidir. Mən isə təklif edirəm ki, bu qanundan sui-istifadəyə görə fiziki və ya hüquqi şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB