Şəkidə regional tarla müşavirəsi keçirilib

Şəkidə regional tarla müşavirəsi keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonunda "Yaz tarla işlərinə hazırlıq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün qarşıda duran vəzifələr" mövzusunda Şəki, Zakatala, Balakən, Oğuz, Qəbələ, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay rayonlarından olan 300-ə yaxın fermer və sahibkarlarların iştirakı ilə regional müşavirə keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Müşavirədə Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov "Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu" mövzusunda təqdimatla çıxış edərək kənd təsərrüfatı bitkiləri üçün tövsiyə olunan müasir becərmə texnologiyalarının tətbiqinin vacibliyindən danışıb, eyni zamanda payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə və digər torpaq becərmə işlərinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

"Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili" mövzusunda –Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Qərib Novruzlu təqdimatla çıxış edərək məhsul istehsalçılarının toxumluq sahələrə gübrələrin verilməsi və alaq otlarına qarşı səmərəli mübarizə aparılması üsulları barədə danışıb.

Tədbirdə iştirak edən Nazirliyin digər qrumların nümayəndələri də taxıl toxumçuluğu, zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkili və texniki təminatın yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə çıxış ediblər.

Tədbir tarla şəraitində payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı kimyəvi mübarizə və səpinqabağı becərmədə istifadə olunan müxtəlif təyinatlı, müasir kənd təsərrüfatı texnikalarının əyani şəkildə nümayişi ilə davam etdirilib. Fermerləri maraqlandıran məsələlər onlara izah olunub, fikir mübadiləsi aparılıb, onlara məxsus əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün müvafiq tövsiyələr verilib.

Tədbirin sonunda fermerlər kənd təsərrüfatı sahəsində göstərdiyi dəstəyə görə Ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə