SOCAR-dan yeni layihə

Bu gün Bakıda "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları" (NAMA) layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi səlahiyyətlərini icra edən Ercan Murat, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev və SOCAR-ın Ekologiya üzrə vitse prezidenti Rəfiqə Hüseynzadə iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları" layihəsi 2015-ci ilin iyul ayından etibarən Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilməklə SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilir. Milli inkişaf prioritetləri çərçivəsində hazırlanan layihə atmosferə daha az karbon qazı buraxan istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planı vasitəsi ilə istixana effekti yaradan qaz emissiyalarının təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi məqsədini daşıyır. Layihədə ölkənin əsas enerji istehlakçısı olan sektorlarının enerjiyə olan tələbatları nəzərə alınmış, innovativ enerji səmərəliliyi və bərpa olunan enerji texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılmışdır. Layihənin spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdir. Layihə çərçivəsində az enerji sərf edən və karbon emissiyalarını azaldan texnologiyaların tətbiqinə pilot investisiya qoyuluşları nəzərdə tutulur.



Daha sonra tədbirdə iştirak edən beynəlxalq təşkilatların və səfirliklərin Azərbaycandakı nümayəndələri layihənin vacibliyinə dair məruzələrlə çıxış ediblər. NAMA layihəsinin məqsəd və vəzifələri haqqında iştirakçılara geniş məlumat verilmiş, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə