"Yenilənmiş büdcə dünya bazarında müşahidə edilən qeyri-stabillikdən sığortalanacaq". Bunu SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov 2016-cı ilin dövlət büdcəsinə edilən əlavə və dəyişikliklərdən danışarkən deyib.
Onun sözlərinə görə, büdcəyə edilən dəyişikliklər nəticəsində gəlirlərdə və xərclərdə artım qeydə alınacaq: "Yenilənmiş büdcənin bir sıra müsbət məqamları var. Büdcədə neftin bir barelə görə qiyməti 25 dollar götürülsə də, gəlirlərdə və xərclərdə artımın olacağı planlaşdırılır. Bilirsiniz ki, birinci büdcədə neftin bir barelə görə qiyməti 50 dollar nəzərdə tutulmuşdu, amma reallıqda qiymət daha aşağı olduğundan, büdcəni real vəziyyətə uyğunlaşdırmaq məqsədəuyğun idi.
Kəsr demək olar ki, əvvəlki səviyyədə qalacaq. Dövlət Neft Fondundan transferlərin də həcmində 1.6 milyard manat artım olacaq. Bu, büdcə gəlirlərinin 45,3 faizi qədərdir. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektorunun büdcədəki payında artımın proqnozlaşdırılmasına baxmayaraq, neft ayırmaları yenə də həlledici olaraq qalmaqdadır".
İqtisadçı ekspert qeyd edib ki, yenilənmiş büdcədə qeyri-neft sektorunun ödənişlərinin həcmi də artırılacaq: "Daxili vergi bazasından 4 milyon, eləcədə gömrük vergiləri 200 milyon manat artırılacaq. Əgər neftin dünya bazarında qiyməti 25 dollardan yüksək olarsa, bu artıq dövlət neft fonduna daxilolmaların artmasına gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 2016-cı ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi zəruri idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB