"“İpək Yolu” ucuz sərnişin daşınmasına səbəb ola bilər” AÇIQLAMA
"Bu gün Asiyadan Avropaya yüklərin daşınmasının əsas marşrutu Sakit Okean vasitəsilə həyata keçirilir. Bu, ucuz olsa da, zaman baxımından uzun müddətə başa gəlir. Lakin "İpək Yolu" layihəsi məsafəni qısaltmaq imkanı verir". Bunu SİA-ya iqtisadçı ekspert Azər Mehdiyev deyib.
O bildirib ki, "İpək Yolu" layihəsi ilə yüklərin daşınması məsələsi gündəmdə olmasına baxmayaraq, gələcəkdə bu yolu təmin edən dəmir yollarının yaranması, sərnişin daşınmasına da imkan verə bilər: ""İpək Yolu" vasitəsilə yüklərin daşınması həm məsafəni qısaltmış olur, həm də Avropadan Asiyaya və ya əksinə Asiyadan Avropaya daha çox yükün aparılmasında mühüm rol oynayır. O ki qaldı sərnişin daşınmasına, müasir dövrdə bu sahədə ciddi problem yoxdur. Təyyarə bütün istiqamətlərdə hərəkət etmək imkanına malikdir. Lakin "İpək Yolu"nu təmin edən dəmir yolları yaransa, sürətli qatarların hərəkətinə şərait yaranar və bu da ucuz sərnişin daşınmasına səbəb ola bilər. Müasir dövrdə insanlar təyyarədənsə, qatar daşınmalarına üstünlük verirlər. Çünki insanlar özlərini qatarda daha rahat hiss edirlər. Bu baxımdan "İpək Yolu" layihəsi tam hərəkətə gəlsə, burada sürətli dəmir yollarının işə başlaması qatarlar vasitəsilə sərnişin daşınmasında da ciddi şəkildə irəliləyişlərə gətirib çıxara bilər".
Layihənin ölkəmiz üçün əhəmiyyətindən danışan A. Mehdiyev söyləyib ki, sözügedən layihə Azərbaycan üçün həm tranzit gəlirlərin əldə edilməsi, həm nəqliyyat yolları üstündə infrastrukturun yaranması, həm də ölkəmizin ticarət meydanına çevrilməsi baxımından böyük üstünlüklərə malikdir: ""İpək Yolu" layihəsinə müxtəlif ölkələrin marağı var. Lakin Azərbaycan "İpək Yolu"nun əsas marşrutlarının ölkəmizdən keçməsinə nail olmalıdır. Çünki, bu yol ölkəmizin tranzit ölkəyə çevrilməsinə imkan verəcək. Bu, çoxlu sayda iş yerinin açılması, inkişafın və müasir texnologiyaların ölkəmizə gəlməsi deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB