Rövnəq Abdullayev: "Azərbaycanda qazlaşdırmanın səviyyəsi xeyli yüksəkdir"
Azərbaycanın həm şimal, həm də cənub qonşuları dünyanın güclü qaz dövlətləridir. Amma buna baxmayaraq, Azərbaycanda qazlaşdırmanın səviyyəsi bu ölkələrin hər ikisindən xeyli yüksəkdir. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu fikirləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gənclər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin böyük bir qrupu ilə keçirdiyi görüşdə səsləndirib.
Görüşdə SOCAR-ın prezidenti tələbələri qarşıdan gələn Gənclər günü münasibətilə təbrik edib, gənclərə onları maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaradıb, verilən sualların hamısını ətraflı cavablandırıb.

Tələbələr SOCAR-ın və BANM-ın fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR-ın prezidentinin mövqeyi ilə tanış olublar. Görüşün gedişindən və yaradılan səmimiyyətdən ruhlanan gənclər hətta SOCAR-ın əleyhinə sosial şəbəkələrdə aparılan qərəzli anti-reklam kampaniyasının əsas mövzularını təşkil edən məsələlərə də aydınlıq gətirilməsini xahiş ediblər. R.Abdullayev keçən il dekabrın 4-də dənizdə təbii fəlakət zamanı "Neft Daşları"nda və "Günəşli" yatağındakı 10 nömrəli özüldə baş vermiş qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı istiqamətində aparılan tədbirlərə, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılan qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra başqa məsələlərə münasibətini bildirib.
Azərbaycanda qazlaşdırma səviyyəsinin guya aşağı olmasına dair fikirlərə toxunan R.Abdullayev deyib: "Bu fikirlər kökündən yanlışdır və tam əsassızdır. Diqqət yetirin, Azərbaycanın həm şimal, həm də cənub qonşuları dünyanın güclü qaz dövlətləridir. Amma buna baxmayaraq, bizdə qazlaşdırmanın səviyyəsi bu ölkələrin hər ikisindən xeyli yüksəkdir. Dövlətimizin başçısı bizim qarşımızda məsələ qoyub ki, ən əvvəl ölkə daxilində əhalinin qaz təminatını yüksəldək. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90 faiz təşkil edir. Avropaya qaz ixrac etməyə başlayanda biz bu səviyyəni daha da yüksəldəcəyik".
Görüşdə BANM-ın tələbələri SOCAR-ın prezidentinə uğurlu karyerasının sirləri, həyatda uğur qazanma yolları haqqında da çoxsaylı suallar verib, onun fəaliyyətinin müxtəlif tərəfləri ilə maraqlanıblar. R.Abdullayev dövlətimizin gənclər siyasətindən, Azərbaycanda və o cümlədən də SOCAR-da gənclərin karyera yüksəlişi üçün yaradılmış imkanlardan ətraflı bəhs edib, fikirlərini öz həyat və fəaliyyət yolundan gətirdiyi misallarla əsaslandırıb. SOCAR-ın prezidenti tələbələrlə canlı dialoq şəklində qurulan görüşün əhəmiyyətini vurğulayıb, belə tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB