"Bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) əlavə vəsait ayrılacaq". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən maliyyə üzrə seksiyasında çıxışı zamanı deyib.
Hazırda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxıldığını deyən maliyyə naziri söyləyib ki, fondda olan vəsaitlərlə birlikdə ayrılacaq əlavə vəsait regionlarda yeni müəssisələrin yaradılmasına şərait yaradacaq: "Bu, aqrar sektora təkan verə bilər. Sizə tövsiyəm ondan ibarətdir ki, layihələr üzrə işlərə başlanılmalıdır. Daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaranmasına fikir verilməlidir. Birincisi, bu müəssisələrin yaranması ölkədən valyuta axınının azalmasına səbəb olacaq. İkincisi, xaricə məhsul ixrac etməklə ölkəyə valyuta axınını təmin etmək mümkün olacaq".
S. Şərifov sahibkarlara müraciət edərək onları yeni layihələrlə bağlı təkliflər hazırlamağı və aidiyyatı qurumlara təqdim etməyi tövsiyə edib.
Çıxışı zamanı Azərbaycanın davamlı iqtisadi inkişafa nail olunduğunu, ildən-ilə əhalinin maddi rifah halının yaxşılaşdırıldığını deyən S. Şərifov vurğulayıb ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunmasına çalışmalıdır: "Biz, cənab Prezidentin də qeyd etdiyi kimi, bu nailiyyətləri qorumaqla, yeni inkişaf modeli yaratmalıyıq. Neftdən, neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması bizim qarşımızda duran əsas vəzifədir. Biz çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Biz bunun üçün ilk növbədə sahibkarlara yaxşı şərait yaratmalıyıq, dəstək verməliyik, əngəl törətməməliyik. Çünki, iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. Onlar yeni müəssisələr yaratmaqla yeni iş yerləri açırlar. Yaxşı biznes mühiti olanda, sahibkar gələcək perspektivləri başa düşəndə, o, investisiya yatıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB