Cavid Qurbanov: "Daşınan yüklərin artması valyuta gəlirini artıra bilər" AÇIQLAMA

Cavid Qurbanov: "Daşınan yüklərin artması valyuta gəlirini artıra bilər" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdən sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlama verib. O bildirib ki, görüşdə bir sıra protokol imzalanıb. Qeyd edib ki, protokola əsasən, yeni marşrut fəaliyyətə başlayacaq: "Burada Ukraynanın İzovo deyilən, Avropa ilə birləşən sahəsindən Qazaxıstanla Çinin arasında olan "Dostluq" stansiyasına qədər məsafədən söhbət gedir. Biz bu gün həm bərabərhüquqlu aşağı tarif siyasətini müəyyənləşdirdik, həm də bu marşrutun işlənməsi üçün daha komfort şərait yaradılmasına imza atdıq. Hesablamalarımıza görə, bu marşrutla ayda ən azı 8 qatarın keçməsi mümkündür. Həmkarlarımızla - Qazaxıstan, Gürcüstan, Ukrayna ilə birlikdə çalışırıq ki, Azərbaycan üzərindən daşınan yüklərin sayı artsın. Bu da Azərbaycanın valyuta gəlirini artıra, mədəniyyətləri və iqtisadiyyatları yaxınlaşdıra bilər".

C. Qurbanov vurğulayıb ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tarif siyasəti fevralın ortalarınadək tam olaraq müəyyənləşəcək. Qeyd edib ki, müəyyənləşdiriləcək qiymətin rəqabətədavamlı olmasına çalışılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə