“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib

Bu gün baş verən güclü tufan saat 17:40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub. SİA SOCAR-ın saytına istinadən məlumat verir ki, ilk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb.

Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilib.

SOCAR: "Bütün əməkdaşlar sağ-salamatdır. Əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülüb. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirib. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatıb. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".

Hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

Bütün xəbərlər Facebook səhifəmizdə