7 kəndə qaz verilib

Noyabrın 18-də Beyləqan, İsmayıllı və Ağcabədi rayonlarının daha 7 kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Beyləqan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, rayonun ümumilikdə 1713 abonenti olan Kəbirli, Milabad və Mayak kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədi ilə 67039 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün İsmayıllı rayonunun ümumilikdə 348 abonenti olan İstisu və Çayqovuşan kəndlərinə təbii qazın verilişi bərpa edilib. Qazlaşdırma işləri zamanı ümumi uzunluğu 24237 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

18 noyabr tarixi ağcabədililər üçün də əlamətdar olub. Belə ki, Ağcabədi rayonunun Rəncbərlər və Hüsülü kəndlərinə yenidən "mavi yanacaq" verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, ümumilikdə 1332 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 67730 metrlik qaz xətləri çəkilib, 1332 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə