Kəndoba kəndinə qaz verilib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublikamızın qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, noyabrın 17-də Ağsu rayonunun Kəndoba kəndinə təbii qazın verilişi bərpa edilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, 387 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 38296 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə