Avqustun 28-də Salyan rayonunun Abad kəndinə yenidən təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, "Azəriqaz" İstehsalat Birliyi, Salyan Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
SOCAR prezidentinə məlumat verilib ki, Salyan rayonunun 673 abonenti olan Abad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 87 kilometr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq"la təmin olunur. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB