Əli Məsimli: "Manatın məzənnəsinə təsir edən amillərin çoxu bizdən asılı deyil" AÇIQLAMA

Əli Məsimli: "Manatın məzənnəsinə təsir edən amillərin çoxu bizdən asılı deyil" AÇIQLAMA

"Neftin qiymətinə müxtəlif geosiyasi, geoiqtisadi, psixoloji, qlobal bazar oyunçularının spekulyativ təsirləri olur. Eyni zamanda tələb və təklifə təsir edən amillər də neftin qiymətinə təsir göstərir". Bu fikirləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.

Millət vəkili qeyd edib ki, Çin iqtisadiyyatında gedən proseslər, bu ölkədə artım templərinin aşağı düşməsi, fond borjasındakı təlatümlər, ABŞ-ın neft ehtiyatı, neft idxal edən ölkədən neft ixrac edən ölkəyə çevrilməsi, OPEC və Rusiyanın neft hasilatını azaltmaq fikrində olmaması və sair bu kimi amillər təsir edir: "Boru kəmərinin partladılması ilə neftin qiymətinin aşağı düşməsinin eyni mərkəzdən idarə olunmasına gəlincə isə onu deyə bilərəm ki, bu sadəcə bir epizoddur".

Əli Məsimli onu da qeyd edib ki, ölkəmizdə manatın 21 fevral devalvasiyasından sonra milli valyutamızın dünya bazarında neftin qiymətinin dəyişməsinə həssaslığı artıb və manat birbaşa neftin dünya bazarındakı qiymətinindən asılı vəziyyətə düşüb: "Ona görə də hazırkı şəraitdə manatın məzənnəsinə daha çox dünya bazarında neftin qiyməti və bununla tərs mütanasiblik nümayiş etdirən dolların qlobal məzənnəsi təsir edir. Bundan əlavə ölkədən kapital çıxarılmasının həcmi və Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi və aparılan siyasət də manatın məzənnəsinə xeyli təsir edən amillər sırasındadır. Eyni zamanda manata Azərbaycanla ticarətdə payı yetərincə olan ölkələrin milli valyutasının devalvasiyasının təzyiqi də yenidən artır. Bu özünü daha çox rus rublunun manata təzyiqi formasında göstərir. Türk lirəsi də son vaxtlar yenidən devalvasiyaya uğrayır. Qazaxıstan tengesinin devalvasiyası Azərbaycan manatına birbaşa təsir etmir, amma tengenin rus rubluna təsiri var və rublun zəifləməsini bir qədər də artırır. Bu da dolayısı ilə bizə də təsir edir".

Millət vəkili həmçinin son zamanlar əhalinin əlindəki manatları dollara çevirməsinin yaratdığı ajiotaja da münasibətini bildirib. O qeyd edib ki, manatın məzənnəsinə təsir edən amillərin çoxu bizdən asılı olmayan amillər olduğundan, dəqiq proqnoza gəlinmir: "Bu suala indiki məqamda heç kim cavab verə bilməz. Neftin qiyməti 40 dollardan yüksək ətrafda qalıb, sonra yenidən 50-60 dollara doğru qalxmağa başlasa, onda manat bir müddət duruş gətirə biləcək. Yox, əgər neftin qiyməti 40 dollardan aşağı düşüb belə şəraitdə bir müddət qalmaqda davam etsə, onda ödəniş balansımızdakı problemlər devalvasiyanın forması və zamanı gündəmə gətirə bilər. Aidiyyatı dövlət qurumları yaranmış vəziyyəti obyektiv qiymətləndirib ya valyuta bazarına intervensiyanı bir qədər də davam etdirməklə Mərkəzi Bankın əlində qalan təqribən 8,5 milyard dollar vəsaitin bir hissəsini bu işə xərcləyərək 2015-ci ili hazırkı məzənnə ətrafında manevrlərlə başa vuracaq, ya da devalvasiyanın mümkün variantlardan birini, yəni yumşaq və ya orta səviyyəli devalvasiya formasından birini seçməli, ya da ki, valyuta tənzimlənməsi sahəsindəki islahatları dərinləşdirməli olacaq. Bu zaman liberallaşma istiqamətində ilk addımlar atmağa başlanılacaq. Ona görə də sistemli islahatlar yolu ilə bütövlükdə iqtisadiyyatın liberallaşması prosesi başlamalıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə