Lənkəranda qəzalı vəziyyətə düşən körpü əsaslı təmir edilib

Lənkəranda qəzalı vəziyyətə düşən körpü əsaslı təmir edilib

Ələt-Astara magistralının 186-ci kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən Boladiçay körpüsü yenidən, müasir tələblərə uyğun şəkildə əsaslı təmir olunaraq istifadəyə verilib. SİA-nın Cənub bürosunun məlumatına görə, uzunluğu 50 metr olan körpünün dayaq tirlərindən başqa qalan digər hissələri sökülərək yenilənib, dayaq tirləri gücləndirilib, kənar dayaqlar isə genişləndirilib. Bundan başqa körpüdə aşırım tirləri quraşdırılıb, dəmir-beton işi görülüb. Həmçinin piyadalar üçün xüsusi keçidlər yaradılmaqla, onun eni 7 metrdən 9 metrədək artırılıb.

Körpünün 37 gündən sonra təmir olunaraq istifadəyə verilməsi sürücülərində sevincinə səbəb olub.

Qeyd edək ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpü mayın 12-də, axşam saat 20:00 radələrində onun orta aşırımında 3 ədəd aşırım tiri sındığından qəzalı vəziyyətə düşmüşdü. Nəticədə 1961-ci ildə inşa olunan körpüdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılmışdı.Təmirə dayandığı ötən müddət ərzində sürücülər Lənkəran-Boradigah, Boladı-Zövlə şose yollarından və körpünün yaxınlığında salınmış alternativ yoldan istifadə etməklə mənzil başına çatırdılar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə