Masallıda işgüzar forum keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

SİA-nın Cənub bürosunun məlumatına görə, sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunun Sığıncaq kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forum çərçivəsində sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib. Masallıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi müzakirə olunub.

70-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Masallı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müxtəlif kənd təsərrüfatı və sənaye müəssisələri yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda sahibkarlığın inkişafı üçün göstərilən köməkliyə görə İİN-ə minnətdarlığını çatdırıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2637 sahibkara 87 milyon manata yaxın güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 100 milyon manatdan çox güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 69 sahibkara 531,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Verilən kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Masallı rayonunun Kolatan kəndində güzəştli kredit ayrılmış intensiv çayçılıq təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək çayçılığın inkişafı ilə bağlı 12 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 480 yeni iş yeri açılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə