Rövnəq Abdullayev: “10 milyard kubmetr qaz tədarük ediləcək” AÇIQLAMA
"Xalqımız bu il G20 beynəlxalq platformasına rəhbərlik edən Türkiyə Cumhuriyyətinin noyabr ayında Antalyada keçiriləcək G20 zirvəsinə 21-ci ölkə kimi Azərbaycanı dəvət etməsindən qürur duyur, qardaş Türkiyənin bu addımını yüksək qiymətləndirir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilən "G-20" Azərbaycan Regional Məsləhət Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Mustafa Kamal Atatürk və Heydər Əliyev Türkiyə və Azərbaycanı xalqımız üçün əmanət qoyub. Bu gün qardaşlıq əlaqələrimiz yüksək səviyyədə inkişaf edir. Əlaqələrimiz beynəlxalq səviyyədə də güclənməkdədir: "Mən də burada yaranmış fürsətdən istifadə edərək, öz tərəfimdən qardaş Türkiyə hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. Mustafa Kamal Atatürk və Heydər Əliyevin bizlərə əmanət qoyduqları "bir millət, iki dövlət" fəlsəfəsi dövlət rəhbərlərimiz İlham Əliyev və Rəcəb Tayib Ərdoğan tərəfindən müasir dünyanın çağırışlarına uyğun şəkildə inkişaf etdirilir, zənginləşdirilir. Qloballaşan dünyada türkdilli ölkələr arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi beynəlxalq birliyin möhkəmlənməsinə, əməkdaşlıq ruhunun yüksəlişinə xidmət edir. Biz ölkələrimizin və xalqlarımızın inkişafı naminə sıx birləşməklə, qlobal miqyasda iqtisadi tərəqqinin əldə olunmasında mühüm əhəmiyyət kəsb edən təşəbbüslər həyata keçiririk. Biz türkdilli dövlətlərin iqtisadi maraqlarını və imkanlarını inteqrasiya etməklə daha da güclənir və həm də regionda və dünyada sülhə, əməkdaşlığa töhfə vermiş oluruq. Azərbaycanın enerji strategiyası çərçivəsində ötən əsrin sonlarından bu günə qədər həyata keçirilən genişmiqyaslı neft-qaz layihələrı deyilənlərin ən bariz nümunəsidir. Ulu öndərimiz Heydər Əliyev bu strategiyanı işləyib hazırlayarkən onun region ölkələri və dünyanın enerji təhlükəsizliyində oynayacağı mühüm rolu öncədən görür və nəzərə alırdı. Bu gün Azərbaycanda hasil olunan enerji daşıyıcıları Gürcüstan üzərindən Aralıq dənizinin, Qara dənizin limanlarına nəql olunur və artıq qlobal enerji təchizatı sisteminin vacib amilinə çevrilmişdir. Qısa müddətdə yaratdığımız ixrac neft və qaz kəmərləri Azərbaycanla birlikdə Türkmənistan və Qazaxıstan neftinin də dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan bu gün öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, Gürcüstan və Türkiyənin enerji təminatına böyük töhfə verir. Eləcə də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi istiqamətində ciddi addımlar atırıq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaranmış sıx birlik, sağlam qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birgə həyata keçirdiyimiz layihələrin də qarşıdakı illərdə uğurla başa çatacağına ən mühüm təminatdır. Biz nəhəng bir layihəni- Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməyə başladıq. Hal-hazırda beynəlxalq enerji daşıyıcıları bazarındakı qeyri-sabitliyə baxmayaraq, biz bu işi davam etdiririk".
Rövnəq Abdullayev TANAP və TAP layihələrinin reallaşdırılması məsələsinə də toxundu. Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində atdığı addımlardan danışdı: "Zəngin ehtiyatlara malik "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində hasil olunacaq qaz resurslarının Türkiyə və Avropaya çatdırılması məqsədi ilə ümumilikdə 3500 kilometr uzunluğunda boru kəmərləri sistemi qurulur. Bu sistemin birinci seqmenti "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi, yatağın qazını Gürcüstan və Türkiyəyə nəql edən Cənubi Qafqaz qaz boru kəməri isə sistemin ikinci seqmentidir. Biz bu kəməri genişləndirir, faktiki olaraq ona paralel ikinci bir boru kəməri inşa edirik. Cənubi Qafqaz boru kəməri Gürcüstan-Türkiyə sərhəddində TANAP-la birləşəcəkdir. Türkiyənin bir ucundan o biri ucuna uzanacaq TANAP-ın uzunluğu 1830 kilometr, ötürücülük qabiliyyəti ilk dövrdə 16 milyard kubmetr təşkil edəcəkdir. Sonradan bu həcmin iki dəfəyədək artırılması imkanları da nəzərə alınmışdır. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayib Ərdoğanın təşəbbüsü ilə qısa müddətdə gerçəkləşməyə başlamış TANAP-ın operatorluğunu SOCAR həyata keçirir və bu, bizim üçün böyük bir qürur mənbəyidir. Birinci mərhələdə TANAP-la Türkiyəyə ildə 6 milyard, Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz tədarük ediləcəkdir. Lakin biz kəmərin çəkilişində fəaliyyətimizi gələcəyə hesablayırıq. Düşünürük ki, vaxt keçdikcə, TANAP-ın əhəmiyyəti daha da artacaqdır. Cənub Qaz Dəhlizinin dördüncü seqmenti Türkiyənin Yunanıstanla sərhədində TANAP-a bağlanacaq TAP kəməri olacaqdır. Uzunluğu 871 kilometr təşkil edəcək bu kəmər Yunanıstan və Albaniya üzərindən keçərək Azərbaycan qazını Adriatik dənizinin dibi ilə İtaliyaya, oradan da Qərbi Avropaya nəql edəcəkdir. İlk qazın Türkiyəyə 2018-ci, Avropaya isə 2020-ci ildə çatdırılması nəzərdə tutulur. Bu gün beynəlxalq birlik Cənub Qaz Dəhlizinə böyük maraq göstərir. Əminik ki, Azərbaycanın indiyə qədər həyata keçirdiyi bütün infrastruktur layihələri kimi Cənub Qaz Dəhlizi də bu layihəyə maraq göstərən ölkələrin iqtisadi inkişafına böyük töhfə verəcəkdir. SOCAR-ın Türkiyədə həyata keçirdiyi biznes fəaliyyətinin böyük bir hissəsi qardaş ölkənin neft-kimya nəhəngi olan "Petkim"in inkişafı ilə bağlıdır. Biz Petkim yarımadasında neft emalı-neft kimyası-enerji-logistika inteqrasiyası çərçivəsində həyata keçirdiyimiz iri maliyyə tutumlu "Value-site" layihəsi nəticəsində 2023-cü ildə "Petkim"in Türkiyə bazarındakı payını 40%-ə qaldırmaq niyyətindəyik. Təməli 2011-ci ildə iki qardaş dövlətin başçıları tərəfindən qoyulmuş STAR Neft Emalı Zavodunun inşası uğurla davam edir. İldə 10 milyon ton neft emal edəcək bu zavodun tikilməsi ilə Türkiyənin idxal kəsiri azalacaq, "Petkim"in xammala ehtiyacının ödənilməsində dönüş yaranacaqdır. Petkim yarımadasındakı yük limanının genişləndirilməsi daha bir iri layihəmizdir. Mərhələlərlə 2015-2016-cı illərdə tamamlanmasını nəzərdə tutduğumuz bu liman Egey bölgəsində ən böyük konteyner limanı olacaqdır. Biz eyni zamanda "Petkim"in enerji ehtiyaclarını təmin etmək məqsədi ilə yarımadada elektrik stansiyasının tikilməsini də nəzərdə tuturuq. 2008-2014-cü illər ərzində SOCAR tərəfindən "Petkim"ə 2 mlrd. 200 milyon ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Qarşıdakı 7-8 il müddətində isə 10 milyard dollarlıq vəsait qoyuluşu planlaşdırırıq. Qardaş Türkiyədə həyata keçirdiyimiz çoxmilyardlı investisya layihələrinə Türkiyə dövlətinin böyük önəm verməklə ciddi dəstəyini xüsusi olaraq qeyd etmək istəyirəm. Xəzər və Qara dəniz regionlarının iqtisadi əlaqələndirilməsi çox ciddi potensiala malikdir. Biz SOCAR olaraq bu fəaliyyətlərə öz töhfəmizi verməliyik. Hazırda Xəzər dənizi tərəfdaşlarımızla birlikdə regionun enerji imkanlarının istehlakçılara çatdırılması məqsədi güdən digər layihələr, o cümlədən AGRİ layihəsi üzərində də çalışmalarımızı davam etdirməkdəyik. Bir neçə kəlmə də Qara dənizdə əsas tərəfdaşımız olan Gürcüstandakı layihələr haqqında demək istəyirəm. Bu gün SOCAR Gürcüstanın qaz təchizatının təxminən 90%-ni təmin edir. Ölkənin onlarla qazpaylayıcı şəbəkəsi bizim idarəçiliyimizdədir. Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının da təqribən 25%-nə biz nəzarət edirik. Respublikanın ərazisində "SOCAR" brendi ilə çalışan 114 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Qara dənizdə "Black Sea" Terminalı 2008-ci ildən istismara buraxılmışdır və ildə 10 mln. ton həcmində neftin və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi imkanına malikdir. Terminal hazırda Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrindən xam neft və neft məhsullarının da dünya bazarına nəql edilməsində əhəmiyyətli rol oynayır. Onu da əlavə edim ki, SOCAR öz investisiya coğrafiyasını inamla genişləndirir. Biz Türkiyə və Gürcüstandan başqa İsveçrə, Rumıniya, Ukraynada da aktivlərə malikik və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB