Ruslan Atakişiyev: “Konstitusiya Məhkəməsi sosial maraqları nəzərə alacaq” AÇIQLAMA

Ruslan Atakişiyev: “Konstitusiya Məhkəməsi sosial maraqları nəzərə alacaq” AÇIQLAMA

"Manatın devalvasiyasından sonra kredit alanlarla banklar arasında mübahisəli məsələ yarandı". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, banklar xarici valyuta ilə əldə edilən kreditlərin köhnə məzənnə ilə qaytarılmasında israrlıdır. Çünki özləri də xarici banklardan kreditlər əldə edərək vətəndaşlara veriblər: "Manat dollar qarşısında təxminən 35 faiz dəyərini itirdikdən sonra dollarla kredit alan əhali öz pullarını qaytardıqları zaman əlavə pul ödəməli oldular. Burada belə bir məsələ qaldırılır ki, köhnə məzənnə ilə kreditlər qaytarılarsa, bu vaxt vətəndaşlar maliyyə itirmiş olurlar. Bu da onunla əsaslandırılır ki, pulu dollarla verən bankların maliyyə qaynağı xarici banklardan götürdükləri kreditlərlə formalaşdırılıb. Onlar belə əsaslandırırlar ki, özləri də kredit verərkən vətəndaşları dollarla cəlb ediblər. Ona görə də qaytarılan kreditlər dollarla olmalıdır".

Ekspert onu da qeyd etdi ki, manatın devalvasiyasından sonra vətəndaşlar əmanətlərini daha çox dollarla yatırmağa başlayıblar. Konstitusiya Məhkəməsinin kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərarına gəldikdə isə ekspert bildirdi ki, bu qərar daha çox vətəndaşların xeyrinə gözlənilir: "Digər məsələ ondan ibarətdir ki, ilin əvvəlində əhali əmanətlərinin 64 faizi manatla saxlanılmışdısa, bu günə olan məlumata görə isə həmin 64 faiz nisbəti artıq dollardadır. Yəni artıq 30 faizə qədər əmanətlər manatdan çıxarılaraq dollara keçirilib. Bu da istər – istəməz bu günkü gündə həmin banklara təsir edib. Artıq onlar depozitləri dollarla cəlb edirlər. Bu da hazırki məzənnə ilə verilən kreditlərinin köhnə məzənnə ilə qaytarılması işini çətinləşdirdi. Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı proqnoza gəldikdə isə çox ehtimal ki, sosial maraqlar nəzərə alınacaq. Çünkü dövlət əhalinin sosial vəziyyətini nəzərə alaraq onların əziyyət çəkməməsi üçün manatla qaytarılmasını əsas tuta bilər. Bu gün banklar istəyir ki, qərar onların xeyrinə çıxsın. Ona görə də mən hesab edirəm ki, qərar iki tərəfdən təzyiqi daha güclü olanın lehinə müsbət nəticə ilə elan olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə