İnqus Alliks: “Sosial pensiya sistemi latviyalılar tərəfindən qiymətləndiriləcək” AÇIQLAMA

İnqus Alliks: “Sosial pensiya sistemi latviyalılar tərəfindən qiymətləndiriləcək” AÇIQLAMA

"11 aydır davam edən layihəmizin bugünkü toplantısı aralıq nəticələrinin müzakirəsinə həsr edilib. İşin yekununda Azərbaycanda mövcud olan sosial pensiya sistemi latviyalılar tərəfindən qiymətləndiriləcək". SİA-nın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan Respublikasının sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanunvericiliyin çərçivə planının müzakirəsinə dair konfrans zamanı Latviyanın rifah nazirinin müavini İngus Alliks deyib.

Onun sözlərinə görə, Azərbaycanda sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi layihəsi ilə bağlı geniş araşdırma aparılıb və bu araşdırma hesabat şəklində hökumətə təqdim olunacaq. Daha sonra yığım komponentinin tətbiqi ilə bağlı təklif irəli sürüləcək: "Layihəni təkcə latviyalılar deyil, həmçinin Almaniyadan olan həmkarlarımız da həyata keçirəcək. Azərbaycandakı sistemlə Latviya və Almaniyadakı sistem arasında müvafiq fərqləri dərindən öyrənəcəyik və layihənin hərtərəfli, yüksək səviyyədə təmin edilməsinə töhvəmizi verəcəyik. 11 aylıq işin ilkin nəticəsi kimi görülən işlər yazılı hesabatda öz əksini tapacaq. Hesabatda Azərbaycan hökumətinə latviyalılar və almanlar tərəfindən müvafiq tövsiyyələr ediləcək. Tövsiyyələr öyrənildikdən sonra, Azərbaycan tərəfi gələcəkdə bu sistemi hansı məcraya yönəldilməsi ilə bağlı suallar verəcək və yığım komponentinin ərsəyə gətirilməsinin hansı şəkildə təmin edilməsi müzakirə ediləcək".

İngus Alliks onu da vurğuladı ki, ilkin olaraq Azərbaycanla Almaniya- Latviya sistemləri arasında müqayisə aparılacaq. Bundan başqa, yığım komponentinin könüllülük yoxsa məcburilik əsasında tətbiq olunacağı müzakirə olunacaq: "İlk olaraq Latviya və Azərbaycan sistemləri arasında müqayisə aparsaq görərik ki, Latviyada yığım məcburidir. Azərbaycanda isə bu, könüllülük əsasında aparılacaq. Azərbaycandakı sistemin təkmil formaya gəlməsi üçün müvafiq qurumlarla müzakirələr aparılır. Hazırkı müzakirə mövzusu isə yığım komponentinin könüllülük yoxsa məcburilik əsasında tətbiq olunacağı ilə bağlıdır. Azərbaycandakı sistem təbii olaraq ölkəyə uyğun və qarışıq formada tətbiq ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə