VELİ MUELLİM BAXSİN Vahid Əhmədov: “Mərkəzi Bank izahat verməlidir” AÇIQLAMA
"Manatın məzənnəsi ilə bağlı atılan addım gözlənilən məsələ deyildi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən bildirilmişdi ki, devalyasiya yumşaq aparılacaq. Lakin 33 faiz devalyasiyanın aparılması banklara və ərzaq məhsullarının qiymətinə ciddi təsir göstərəcək: "Mərkəzi Bank tərəfindən bizə məlumat verilmişdi ki, yumşaq devalyasiya gedəcək. İlin axırına qədər dolların səviyyəsi 85, 87, 90 qəpik səviyyəsində davam edəcəkdi. Amma birdən birə manatın 33 faiz ucuzlaşması əlbəttə ki, çox ağır nəticələrə gətirib çıxarda bilər. Bu vəziyyət birinci banklara böyük təsir göstərəcək. Belə ki, kreditlərin verilişində problemlər ola bilər. İkincisi Azərbaycan daxilində ərzaq satışları, qeyri - ərzaq məhsullarının qiymətində müəyyən təsirlər edəcək. Burada İqtisadi İnkişaf Nazirliyi çox ciddi monitorinq aparmalıdır. Çünkü qiymət artımına çox ciddi reaksiya verilməlidir, ona görə ki qiymət artımı süni olmasın. Yəni subyektiv deyil, obyektiv şəkildə işlər aparılsın".
Millət vəkili vurğuladı ki, Mərkəzi Bank hazırki vəziyyətlə bağlı izahat verməlidir. Çünkü hazırki atılan addım insanları pis vəziyyətdə qoya bilər: "Ümumiyyətlə mən hesab edirəm ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri izahat verməlidir. Özü 3-4 gün öncə televiziyada çıxışı zamanı demişdi ki, heç bir ciddi devalyasiya gözlənilmir. Amma faktiki olaraq 33 faiz böyük devalyasiyadır. Yəni Mərkəzi Bankın sədri birbaşa cavab verməlidir ki, niyə bu addımı atıb. Çünkü bu addım insanları çox çətin bir vəziyyətdə qoyur".
Vahid Əhmədov avronun bahalaşması məsələsinə də toxundu. Qeyd etdi ki, manatın bu qədər devalyasiya etməsi avroya da təsir etdi: "Avro ilə əlaqədar olaraq dövlət başçısı göstəriş vermişdi ki, məzənnəni 1-in 1-ə nisbətinə çatdırmaq lazımdır. Birdən – birə bu qədər artımı nəyə lazım idi başa düşmək olmur. Ümumiyyətlə bu qərar başadüşülən deyil. Bu qərar millətin xeyrinə deyil. Ona görə də Mərkəzi Bank vəziyyətlə bağlı cavab verməlidir".
Millət vəkili onu da ifadə etdi ki, valyuta ehtiyatlarımız olduğu halda 33 faizlik devalyasiyanı başa düşmək mümkün deyil. MDB məkanında milli valyutaların dəyərdən düşməsi də başa düşüləndir: "Birincisi məzənnə məsələsi Mərkəzi bankın səlahiyyətində olan bir məsələdir. İkincisi biz Milli Məclisdə bu məsələni qaldıracayıq. Mərkəzi Bank bir daha qeyd edirəm ki, izahat verməlidir. Mən başa düşürəm ki, MDB məkanında milli valyuta ciddi dəyərdən düşür, devalyasiya gedir. Amma bizim ehtiyyatlarımız da var axı. Ehtiyyatlarımızdan müəyyən qədər istifadə edib yumşaq devalyasiya etmək olardı. Niyə birdən –birə bunu elədi, səbəbi nə idi, kim məcbur elədi, onu biz aydınlaşdırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB