Bu gün Bakıda Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılmasının 15 illiyinə həsr olunan "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda IV vergi Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, forum iki gün davam edəcək.
Plenar İclasda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beylənlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yerli bankların, qeyri-hökümət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, iş adamları iştirak ediblər.
Vergilər Nazirliyinin 15 illik fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başlayan iclası giriş sözü ilə açan Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə vergi orqanlarında çalışanları yubiley münasibəti ilə təbrik edərək, forumun gedişatına uğurlar arzu edib.
Daha sonra çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Forum iştirakçılarını salamlayaraq bildirib ki, ənənəvi olaraq hər il vergi xidməti işçilərinin peşə bayramı günü ərəfəsində keçirilən Vergi Forumu, bu dəfə həm də Vergilər Nazirliyinin yaradılmasının 15-ci ildönümünə təsadüf edib: "15 il əvvəl Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Vergilər Nazirliyi müstəqil qurum kimi böyük bir inkişaf yolu keçib. Aparılan islahatların davamı kimi sonrakı illərdə isə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın vergi xidmətinin modernləşdirilməsi istiqamətində növbəti islahatlar həyata keçirilib, vergi inzibatçılığı modernləşdirilib, vergi sisteminin texnoloji bazası gücləndirilərək, biznes və dövlət strukturları arasında yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına başlanılıb. Həyata keçirilən genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks layihələr, konkret hədəflərə yönəlmiş proqramların uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti yaradılıb. Ölkəmizdə çevik və səmərəli vergi siyasətinin həyata keçirlməsi üçün vahid vergi qanunvericiliyi bazası yaradılıb ki, bu da iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı- ayrı fəaliyyət sahələrinin stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması və sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə xidmət edir. Vergi sistemində geniş diapazonlu texniki imkanlara malik texnoloji baza mövcuddur və bu vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. Bu, respublikamızda dövlət orqanları tərəfındən vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusudur. Vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılmışdır. Vergi ödəyicilərinin təxminən 90 faizi vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Son bir neçə ildə ƏDV inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin - onlayn kargüzarlığın təmin edilməsi, vergilərin elektron qaydada ödənilməsi və s kimi bir çox innovativ-texnoloji yeniliklər tətbiq edilib".
Azərbaycanın vergitutma sahəsində mövqeyinin beynəlxalq reytinqlərdə ildən- ilə irəlilədiyini vurğulayan nazir bildirib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi nəticəsində dünyanın 12 aparıcı dövləti sırasındadır: "Son bir neçə ildə yeni nəsil texnologiyalara söykənən "Elektron audit" və "Asan İmza" kimi mühüm layihələr həyata keçirilib. Ölkəmizin "Asan İmza" təcrübəsi ötən il Avropa Parlamentində də uğurla təqdim edilib. Ölkə başçısının rəhbərliyi altında ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı, bu inkişafa adekvat olan vergi inzibatçılığının formalaşdırılması nəticəsində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək, qeyri-neft-qaz sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artıb".
Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Maliyyə Nazirliyinin Gəlirlər İdarəsinin başqanı Adnan Ertürk çıxış edərək Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndiriblər.
Forum çərçivəsində vergilər naziri Fazil Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirərək, jurnalistlərin suallarını cavablandırıb.
Forum öz işini sessiyalarda davam etdirib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB