Musa Quliyev: “Geni dəyişdirilmiş məhsulların gətirilməsi, yetişdirilməsini qadağan edilir” AÇIQLAMA
"Ərzaq təhlükəsizliyinin ölkədə təminatı məsələsi cənab Prezidentin daxili siyasətində çox mühüm yer tutur. Təsadüfi deyil ki, ölkə başçısının iqtisadiyyat və sosial təminatla bağlı bütün çıxışlarında ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi tövsiyyələri, təklifləri və fikirləri var". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
O bildirib ki, ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin nəticəsində 2015-ci il prezident İlham Əliyev tərəfindən "Kənd Təsərrüfatı İli" elan olundu və insanların keyfiyyətli ərzaqla təminatı üçün işlər bundan sonra daha da gücləndiriləcək: "Günümüzdə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması üçün dövlət tərəfindən çox şaxəli iş aparılır. Birinci növbədə əhalinin özünü istehsal etdiyi ərzaq məhsulları ilə təmin etmək istiqamətində dövlətin proqramı var. Elə buna görə də, bu il Azərbaycanda "Kənd Təsərrüfatı İli" elan olunmuşdur. Cənab Prezidentin rəhbərliyi və nəzarəti altında kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı da qəbul olunub və bu sahəyə çoxlu investisiya yatırılır. Azərbaycanda həm ekoloji təmiz, həm də geni dəyişilmiş olmayan məhsulların istehsalı nəzərdə tutulub və bu məhsulların artırılması üçün münbit şərait yaradılıb. Bundan ötrü dövlət tərəfindən ilk növbədə aqrar sektorda çalışan və kənddə yaşayan insanlar başda torpaq vergisi olmaqla bütün vergilərdən azad olunurlar. Dövlət tərəfindən onlara müxtəlif şəkildə subsidiyalar verilir. Pulsuz yanacaq verilməsi, texnikanın lizinq yolu ilə uzun müddətə istifadəyə verilməsi və müəyyən hissəsinə dövlət tərəfindən güzəştə gedilməsi, məhsulların alınması və satışı üçün işlərin təşkil olunması, eyni zamanda kənd sektorunda yaşayan insanların sosial müdafiəsi və s ilə bağlı dövlət tərəfindən çoxşaxəli işlər görülür".
Musa Quliyev qeyd edib ki, hazırda dövlət tərəfindən qarşıya qoyulan əsas strategiya vətəndaş özünün istehsal etdiyi ərzaq məhsulu ilə təmin olunsun. Ərzağın keyfiyyətinə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xüsusi diqqət yetirilir: "Əsas strategiya ondan ibarətdir ki, Azərbaycan vətəndaşı öz torpağında yetişdirdiyi ərzaq məhsulları ilə tam və keyfiyyətli şəkildə təmin olunsun. Digər bir yandan isə, ölkəyə idxal edilən məhsulların keyfiyyəti və həcmi ilə bağlı məsələ ortaya qoyulub. Dünyada geni dəyişilmiş məhsullar geniş yayılıb. Hətta bu məhsulların toxumlarının artımı müxtəlif şirkətlərə və firmalara bəlkə də milyonlarla gəlir gətirir. Azərbaycan o ölkələrdən biridir ki, qanunvericilik səviyyəsində ölkəyə geni dəyişilmiş məhsulların gətirilməsini, onların toxumlarının idxal edilməsini, ölkədə yetişdirilməsini qadağan edir. Bu mənada bizim müvafiq orqanlarımız istər səhiyyə, istərsə də gömrük nəzarəti, kənd təsərrüfatı ilə məşğul olan digər orqanlarımız bu məsələ ilə məşğul olurlar. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda öz ərzağımızı özümüz təmin edək və çatışmayan ərzaqlarımızı keyfiyyətli şəkildə alıb gətirə bilək. Başqa bir məsələ isə, ölkədə istehlakçı hüquqlarının qorunması və qəbul olunan qanunun icra olunması ilə bağlıdır. Yəni vaxtı keçmiş məhsulların satışına nəzarət, keyfiyyətsiz məhsulların aradan qaldırılması, məhsulların saxlanılması, daşınması, işlənməsi qaydaları müəyyənləşdirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən də bu işlər günümüzdə həyata keçirilir. Bu iş Azərbaycanın daxili siyasətində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan əhalisinin sağlamlığının qorunması, əhalinin uzunömürlülüyünün təmin olunması, insanların keyfiyyətli ərzaqlarla daimi olaraq təmin olunması əsas siyasətdir və bu işlər uğurlu şəkildə həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB