Nazirlik vergi ödəyiciləri ilə görüşüb

Nazirlik vergi ödəyiciləri ilə görüşüb

Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsal edən vergi ödəyiciləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanununda Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

Vergilər nazirinin Audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov çıxış edərək, spirtli içkilər və tütün məmulatlarının satışı zamanı vergidən yayınma hallarının olduğunu, bu məhsulların istehsalı ilə məşğul olan bəzi müəssisələrdə kvota üzrə müəyyən edilmiş istehsal həcminin yerinə yetirilmədiyini və təqdim edilmiş hesabatlarda istehsal həcminin azaldılması hallarına yol verildiyini qeyd edib: "Aksiz vergisi üzrə real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyiclərində nəzarət postları yaradılmışdır. Nəzarət postlarının fəaliyyəti Vergilər Nazirliyi tərəfindən müntəzəm nəzarətdə saxlanılır və nəticələr hesabat məlumatları ilə müqayisəli təhlil edilir".

2014-cü il ərzində aksiz markalarının tətbiqinə dair keçilmiş nəzarət işlərinin nəticələrinə toxunan İ.Əhmədov bildirib ki, 1754 nəzarət aparılmış obyektdən 897-da 10821 ədəd aksizsiz malların və 857 ədəd saxta aksizli malların satış məqsədi ilə saxlanıldığı aşkar edilib: "2014-cü ilin noyabr və dekabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisində xeyli və külli miqdarda saxta aksiz markasi ilə markalanmış və ya aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satış məqsədi ilə saxlanması faktı aşkar edilərək, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən həmin faktlar üzrə cinayət işi başlanılıb".

Gələcəkdə oxşar hallara yol verilməməsi məqsədilə qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin, vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluq və qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlərin qurulmasının vacibliyi bir daha vergi ödəyicilərinin diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə