Vahid Əhmədov: “Azərbaycanda 2015-ci ildə ciddi problem olmayacaq” Açıqlama
"Son vaxtlar xüsusilə Rusiyaya qarşı tətbiq olunan embarqolar dünya iqtisadiyyatına ümumi təsir göstərir. Xüsusilə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, 50-60 dollar səviyyəsində olması neft ixrac edən ölkələr üçün müəyyən problemlər yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. O, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatlarının olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ölkə başçısının göstərişi ilə hər il qeyri-neft sektorunda 10-12 faiz artım planlaşdırılır: "Rusiyaya embarqonun tətbiq olunması çox ciddi təsir göstərir. Burada həm siyasi, həm də iqtisadi məsələlər var. Dünyanın siyasi və iqtisadi aləmində ciddi dəyişikliklər baş verir. Azərbaycan dövləti də buna hazır olmalıdır. Bizim kifayət qədər ehtiyatımız var, 53 milyard manata yaxın ehtiyatımız mövcuddur. Müəyyən qədər qorunma təhlükəsi yaşayırıq, amma qeyri-neft sektorunun inkişafında get-gedə daha güclü artımlar baş verir. Azərbaycanın dövlət büdcəsinin neftdən asılı olmaması istiqamətində dövlət başçısının göstərişləri var. Son 2-3 ildə təxminən 10 -12 faiz qeyri –neft sektoru inkişaf edib. Lakin elə bir sahəni inkişaf etdirmək lazımdır ki, dövlət büdcəsinə yüksək gəlirlər daxil olsun. Problemlər mövcud olub, 2015-ci ildə də bu problemlər yaşanacaq. Çünki neftin qiyməti hələ birinci yarım ildə bizim proqnozumuza görə 60 dollardan yuxarı olmayacaq. Sonra ola bilər ki, müəyyən qədər vəziyyət düzəlsin. Amma bu da hələ proqnozdur. Bütün bunların hamısı arzuolunandır".
Vahid Əhmədov qeyri-neft sektorunun inkişaf etdirilməsinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində də nəzərdə tutulduğunu qeyd edib, 2015-ci ildə Azərbaycan iqtisadiyyatında ciddi problemin olmayacağını vurğulayıb: "Ümumdaxili məhsulda qeyri-neft sektorunun payı 64 faizdir, amma ondan dövlət büdcəsinə gələn gəlirlər 37 faizdir. Yəni burada gəlir hissəsinə də baxmaq lazımdır. Artıq ümumdaxili məhsulda qeyri-neft sektorunun artımı var. Ordan gələn gəlirlərdə də müəyyən qədər artım olur, amma hələ ki, bizi qane etmir. Dövlət başçısının göstərişinə əsasən qeyri-neft sektoru ildə 10 -12 faiz artırılmalıdır. Bu artım hətta "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində də nəzərdə tutulub. Qeyri –neft sektorunun artımı yüksək sürətlə getməlidir. 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar götürülmüşdü, lakin neftin qiyməti ola bilər ki 90 dollardan aşağı olsun. Müəyyən problemlərimiz var. Hesab edirəm ki, Azərbaycanda 2015-ci ildə ciddi problem olmayacaq. Amma bütün bunlara baxmayaraq, ehtiyatlı yanaşmaq lazımdır. Müəyyən qədər büdcədə qənaət mexanizmini həyata keçirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB