Neft Daşlarındakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır

Neft Daşlarındakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır

Son vaxtlar Neft Daşlarında aparılan genişmiqyaslı tikinti, təmir və yenidənqurma işləri hasilatın artmasına, bu isə öz növbəsində əmtəə çənlər parkının genişlənməsinə səbəb olub. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi xəbərə görə, neftin-qazın ilkin hazırlanması və nəql olunması məqsədi ilə yeni qurğu və avadanlıqların, onlara uyğun işlədicilərin, paylayıcı qurğuların yenidən qurulmasına zərurət yaranıb. Mövcud əmtəə çənlər parkının elektrik təchizatı üçün 1984-90-cı illərdə quraşdırılmış 40, 41 və 42 saylı paylayıcı qurğular və onların 6 və 0,4 kV-luq avadanlıqları o dövr üçün müasir sayılan 6 kV-luq KSO-272 tipli yağ açarlarından və 0,4 kV-luq ŞO tipli panellərdən ibarət idi. Həmin avadanlıqların müasir tipli vakum açarlarının göstəricilərindən geri qalması nəzərə alınaraq, "28 May" NQÇİ-nin Neftin ilkin hazırlanması və nəqli sexinin ərazisindəki 40, 41 və 42 saylı paylayıcı qurğuların avadanlıqlarının Türkiyənin "Elko" şirkətinə məxsus yeni tipli vakum açarlı avadanlıqlarla əvəz olunmasına başlanılıb. Hazırda 40 və 41 saylı paylayıcı qurğularda işlər başa çatdırılmışdır. 42 saylı qurğuda isə quraşdırma işləri davam etdirilir. Paylayıcı qurğuların yenidənqurmadan sonra istifadəyə verilməsi Neft Daşlarındakı əmtəə çənlər parkının, neftin və qazın ilkin hazırlanması və nəql olunması obyektlərinin etibarlı elektrik təchizatı ilə təminatına zəmin yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə