Samir Şərifov: “Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da, tam realistikdir”
"İpoteka kreditləri ilə bağlı hökumətlə Mərkəzi Bank arasında dialoq var və əlavə tədbirlər görüləcək". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bununla bağlı yaxın vaxtlarda əlavə təkliflər veriləcək.
S.Şərifov deyib ki, Azərbaycanda aqrar sektora xüsusi dəstək verilir: "Bunun üçün müəyyən maliyyə mexanizmləri mövcuddur. Aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün əlavə gələn ilin dövlət büdcəsində 55 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub".
Elmin maliyyələşdirilməsi məsələsinə gəldikdə isə nazir deyib ki, növbəti ilin dövlət büdcəsində elm xərcləri üçün 143 milyon nəzərdə tutulub: "Bu bölmədən maliyyələşən təşkilatların 6 milyon manat büdcədən kənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Cari illə müqayisədə bu 4 milyon manat çox deməkdir. Lakin bu büdcədən kənar gəlir və xərclər mütənasib şəkildə götürülür. Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələr tərəfindən büdcə sifarişləri bizə təqdim olunarkən həmin büdcədən kənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində xeyli az məbləğlərdə vəsait daxil olur. Misal olaraq cari il üçün elm bölməsinin büdcədən kənar vəsaitin həcmi 14,5 milyon manat proqnozlaşdırılır. Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə də həmin daxil olmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni cari ilin 1 iyun proqnozuna görə icra 400 min manat təşkil edib. 10 ay ərzində isə bu gəlirlər yalnız 1 milyon manat təşkil edib. Beləliklə 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən bu məsələlərə baxaraq daxil olmaları azaltmışıq. Bunu baxmayaraq təkliflərə nəzərə alaraq, hansı yollarla elmə ayrılan vəsaitləri artırmaq barədə düşünərik".
Nazir qeyd edib ki, ölkənin müdafiə sahəsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb.
"Dövlət büdcəsində neftin bir barreli üçün 90 ABŞ dolları təyin edilib. Büdcəmiz riskərin idarə edilməsi vəzifəsinə cavab verir. Bunun üçün müəyyən qədər ehtiyatlarımız da mövcuddur. Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da tam realistikdir" –deyə, nazir vurğulayıb.
Nazir vurğulayıb ki, irəli sürülən bütün təkliflər hökumət tərəfindən öyrəniləcək və onların həlli yolları barədə büdcədə nəzərə alınması imkanları təhlil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB