Ziyafət Əsgərov: "2015-ci ilin dövlət büdcəsi ilə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələ bilərik"

Ziyafət Əsgərov: "2015-ci ilin dövlət büdcəsi ilə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələ bilərik"

Milli Məclisin noyabrın 20-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirilir. SİA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başlayıblar.

İlk olaraq çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib ki, ildən ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır: "Son illər dünya qlobal böhranı bir çox ölkələrdə geriləmələrə səbəb olsa da, Ümummilli Lider Heydər Əliyevin başladığı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkənin dinamik inkişafı təmin edilib. Bunu 2015-ci ilin büdcə layihəsi də sübut edir. 2015-ci ilin dövlət büdcəsində diqqəti cəlb edən əsas məsələ qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. İldən ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır".

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 2015-ci ilin dövlət büdcəsi ilə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələ bilərik: "Əlbəttə nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında hansı hadisələr baş verir. Büdəcənin təqdimatı zamanı hökumət nüməyəndələrimizdə qeyd etdilər ki, beynəlxalq iqtisadiyyatda hansı ssenarinin baş verməsindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı ola biləcək hər hansı təlatümlərə hazırdır. Büdcə çox təmkinli və qarşıda duran bütün məsələlərin həllinin öhdəsindən gələ biləcək bir sənəddir".

Z.Əsgərov deyib ki, Azərbaycanın çox uğurlu beynəlxalq siyasəti var: "Bu uğurlu siyasətin kökündə iki amil dayanır. Birinci, daxili sabitlik. İkinci isə müvəfəqqiyyətli büdcə siyasətidir".

Millət vəkili Əli Hüseyinli isə çıxışında vurğulayıb ki, gənclərin vətəni müdafiəyə hazırlanması üçün fiziki göstəricilərin yaxşılaşmasına diqqət ayrılmalıdır.

Əli Hüseynli bir neçə təklifdə irəli sürüb: "Hesab edirəm ki, Bakı Dövlət Sirkinə yeni bina tikilməlidir. Müasir standartlara cavab verən dövlət sirkinin formalaşdırılmasına ehtiyac var. Azərbaycan Dövlət Kinostudiya da yenidən formalaşdırılmalıdır. Bunların hər ikisi vətəndaşlarımızın daha mədəni mühitdə formalaşmasına xidmət edəcək. Bu bir növ sosial sifariş kimi qəbul olunmalıdır. Çünki, bölgələrdə məişət səviyyəsində cinayətlər artır. Bunun yeganə səbəbi sosial islahatlarla bağlıdır. Mədəni və idman layihələrinin maliyyələşdirmək və həyata keçirilməsinə üstünlük verilməsinə ehtiyac var".

İclas hökumət rəsmilərinin çıxışı ilə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə