Palata sədri: "Növbəti ildə sosial sahələrdə islahatlar nəzərəçarpacaq paya malik olacaq"
"2015-ci ilin dövlət büdcəsinin tərtibi zamanı həm gəlirlərin, həm də xərclərin şəffaflığının artırılması işinə diqqət yetirilib". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, 2014-2015-ci illərin büdcə zərfləri üzrə məlumatlara əsasən aparılan hesablamalar növbəti il üçün xərclərin 2014-cü ilin proqnoz və gözlənilən icrası ilə müqayisədə müvafiq olaraq 14,7 faiz və 11,7 faiz az olacağını göstərir: "Həmçinin xərclərin rasionallaşdırılması və ünvanlılığının artırılması məqsədilə 2015-ci il üçün bir neçə xərc maddəsi üzrə son dövrlərdə ilk dəfə olaraq vəsait proqnozlaşdırılıb. Növbəti ilin büdcə layihəsində diqqətə çatdırılmalı digər məqam ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilən müdafiə və sosial sahələrə diqqətin 2015-ci ildə də davam etdirilməsidir. Gələn il sosial sahələrə investisiya xərcləri də nəzərə alınmaqla büdcə xərclərində vəsait artımla nəzərdə tutulub və bu, əsasən təhsil (3,5 faiz), səhiyyə (7,2 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər (11,7 faiz) üzrə artım hesabına gözlənilir. Gələn ilin dövlət büdcəsi xərclərinin 47,6 faizi proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub".
Palata sədri dövlət büdcəsinin 2015-ci il üçün xərclərinin ÜDM-in 35,3% səviyyəsində proqnozlaşdırılması iqtisadi inkişafın davamlılığının təmin edilməsində dövlət büdcəsinin rolunun artırılması kimi qəbul olunduğunu, növbəti ildə müxtəlif sahələrdə aparılacaq islahatlar arasında sosial sahələrdə islahatlar nəzərəçarpacaq paya malik olacağını qeyd edib.
"Ölkədə həyata keçirilən layihələrin miqyası və əhəmiyyəti dövlətin əsas investor kimi çıxış etməsini zəruri edir. 2015-ci ildə əsaslı xərclərin ilk növbədə, sosial layihələrə və istehsal infrastrukturuna vəsaitin yönəldilməsi dövlətin əsas sosial funksiyalarının icrasına diqqəti kimi qəbul olunmalıdır. Büdcə gəlirlərinə ehtiyatlı, xərclərinə isə qənaətli yanaşmanın tətbiqinin növbəti il üçün nəzərdə tutulan büdcə kəsirinin ÜDM-a nisbəti daha aşağı faiz təşkil edəcək"- deyə, V. Gülməmmədov əlavə edib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB