Bu gün Neftçala rayonunun Xıllı kəndində keçirilmiş işgüzar forumda 51 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səksənə yaxın sahibkarın iştirak etdiyi forumda güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Neftçala və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
Forum çərçivəsində Neftçala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, fermer mağazalarının, çörək, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9025 investisiya layihəsinin maliyyələşdirilməsinə 402,8 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, ət, süd, meyvə-tərəvəz emalı, quşçuluq fabrikləri, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4611 sahibkara 248,6 milyon manat güzəştli kredit təqdim olunub ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Neftçala rayonunun Həsənabad qəsəbəsində güzəştli kredit ayrılmış şüşə istehsalı müəssisəsinin və Salyan rayonunun Çuxanlı kəndində quşçuluq təsərrüfatının fəaliyyətinə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB