Azər Mehdiyev: “Azərbaycan bundan daha yaxşı nəticələr əldə edə bilər” Açıqlama

Azər Mehdiyev: “Azərbaycan bundan daha yaxşı nəticələr əldə edə bilər” Açıqlama

"Davos İqtisadi Forumunun qiymətləndirdiyi rəqabət qabiliyyəti indeksi daha çox ölkənin makro iqtisadi vəziyyəti üzrə qiymətləndirilir. Yəni, burada qiymətləndirmə zamanı ölkələrin gəlirləri, borclarını ödəmə imkanları və s.kimi amillər nəzərə alınır. İndiki halda Avropa və dünyada baş verən qlobal maliyyə böhranının təsirlərinin hələ qalması, bir sıra Avropa ölkələrinin özlərinin də daha zəif mövqeyə gəlməsinə gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib.

O bildirib ki, Azərbaycanın Davos İqtisadi Forumunda 38-ci yer tutması ölkənin iqtisadi dayanıqlığı ilə bağlıdır. Bundan başqa, Azərbaycanın xarici borcunun az olması və maliyyə sabitliyini qoruyub saxlaya bilməsi dünya iqtisadi göstəricilərində irəliləməsinə səbəb olur: "Azərbaycan son zamanlar dünya bazarında neftin qiymətinin yüksək olması, neftə tələbatın artması nəticəsində yaxşı maliyyə göstəricilərinə malikdir. Ümumidaxili məhsulun artımı qeydə alınır. Eyni zamanda Azərbaycanın valyuta ehtiyatları yüksəkdir. Hazırda xarici borcunun aşağı olması və s kimi amillər bütövlükdə Azərbaycanda maliyyə sabitliyinin təmin olunması ölkənin rəqabət qabiliyyətini artıran bir amil hesab olunur".

Ekspert ölkəmizin əldə etdiyi nailiyyəti hələ tarixi nailiyyət adlandırmayıb. Azərbaycanın növbəti illərdə bundan daha yaxşı yerlərə sahib olma qabiliyyətinin olduğunu vurğulayıb: "Əslində Azərbaycan üçün indiyə kimi əldə etdiyi bu nəticələr daha səmərəli şəkildə qeyri – neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası təmin olunarsa bu tarixi nailiyyət hesab oluna bilməz. Ona görə ki, növbəti illərdə Azərbaycan bundan daha yaxşı nəticələr əldə etmək imkanına malik ola bilər. Təbii ki, əldə olunmuş nəticə bugünkü gün Azərbaycan üçün əvvəlki illərlə müqayisədə daha yaxşı göstəricidir və hazırda dünyada baş verən proseslərin müqabilində Azərbaycanın bir ölkə olaraq iqtisadiyyatının, rəqabət qabiliyyətinin yüksək qiymətləndirilməsi kimi hesab etmək olar. Lakin, yenə də nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatında olan bu möhkəmlik daha çox neft bazarında olan vəziyyətdən asılıdır. Neftin qiymətində kəskin aşağı düşmə baş versə, bu ölkə iqtisadiyyatında xeyli dərəcədə maliyyə problemlərinə gətirib çıxara bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə