Bakıda qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb

Qurban bayramı ilə əlaqədar oktyabrın 4-də səhər saatlarından etibarən əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakıda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalarda müasir standartlara cavab verən yeni modul tipli səyyar kəsim məntəqələri quraşdırılıb, heyvanların saxlanılması üçün çadırlar qurulub.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsinin yanı) təşkil edilən qurbanlıq heyvanların satış yarmarkasına gələrək burada yaradılan şəraitlə tanış olub, kəsim prosesini izləyib, alıcılarla söhbət edib, qurbanlıq heyvanların qiyməti ilə maraqlanıb, tövsiyələrini verib.
Nazir Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, Bakıda 8 məntəqədə qurbanlıq heyvanların satış yarmarkaları təşkil olunub. Satış yarmarkalarına 12 mindən çox heyvan çıxarılıb. Heyvanların gətirilməsi davam edir.
Nazir deyib: "Bir baş qurbanlıq heyvanın satışının 95 manatdan olmasını düşünürdük. Ancaq əhalinin tələbatını nəzərə alaraq satışın 90 manatdan olmasına qərar verdik. İstehlakçılarla bərabər, istehsalçıların da marağını gözləyirik. Burada elə bir optimal nöqtə yaratmalıyıq ki, insanların zəhmətlə yetişdirdiyi heyvanların dəyərindən çox ucuzlaşmasına gətirib çıxarmasın. Buna görə bazara 12-15 min arasında iri və xırda buynuzlu mal-qara çıxarılmasına qərar verdik ki, qiymətdə disparitet yaranmasın".
H.Əsədov əlavə edib ki, satış yarmarkalarında kəsim pulsuzdur. Kəsim məntəqələrində Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndələri də var. Səyyar laboratoriya bütün məntəqələri gəzir, qurbanlıq heyvanlar yoxlanılır. Heyvanlar yoxlanıldıqdan sonra karantində olub. Biz bu heyvanlara zəmanət veririk.
Qurban bayramı münasibətilə Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə, Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 3 nömrəli uşaq internat evinə, Bilgəhdəki müharibə və əmək əlilləri pansionatına (Qocalar evi) qurbanlıq paylar göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə