" "Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı"nda nəzərdə tutulan işlərin əsas hissəsinin icrası sentyabr-dekabr aylarında daha da intensivləşəcək. Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsinin və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
O bildirib ki, plana əsasən nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər müəyyənləşdirilib: "Buraya həm yolların çəkilişi, yeni qatarların, avtobus və taksilərin alınması ilə bağlı danışıqların aparılması, həm də müəyyən marşrutlar üzrə hərəkət sxemlərinə dəyişikliklər edilməsi aiddir. Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla, rayonlardakı avtovağzallarda işlər əlaqələndiriləcək, paytaxtda sərnişin nəqliyyatında kart-ödəniş sisteminin tətbiqi sürətləndiriləcək. Planda nəzərdə tutulan bütün tədbirlər 2015-ci ilin birinci rübünədək- I Avropa Oyunları başlayana qədər tam yekunlaşdırılacaq".
O həmçinin qeyd edib ki, bir sıra layihələrin icrasını sürətləndirmək lazım gəlir: "Buna 500 ədəd taksinin alınmasına dair imzalanan müqaviləni misal göstərmək olar. Müqavilədə son müddət olaraq 2015-ci ilin birinci rübü göstərilsə də, taksilərin ilk hissəsinin Bakıya bu ilin oktyabr-noyabr aylarında gətirilməsi planlaşdırılır. Həmin taksilər ilk növbədə rəsmi heyətə, idmançılara, turistlərə xidmət edəcək".
N. Həsənov onu da əlavə edib ki, nəqliyyatı intellektual idarəetmə sistemi ilə bağlı işlər də sürətləndirilir: "Artıq paytaxtın mərkəzindəki avtobus dayanacaqlarında quraşdırılan informasiya terminalları ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi arasında bağlantı tam təmin olunub. Mərkəz tərəfindən, həmçinin daha çox işıqforda avtomobillərin orta sürətini arıtmağa imkan verən "yaşıl dalğa" prinsipinin tətbiqi istiqamətində də iş aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB