Natiq Əliyev: "5 il ərzində Avropanın enerji xəritəsi dəyişəcək”

Natiq Əliyev: "5 il ərzində Avropanın enerji xəritəsi dəyişəcək”

"Azərbaycan iri qaz nəqli layihələrinin reallaşdırılması zamanı həmin layihələr vasitəsilə özünün digər yataqlarından və üçüncü ölkələrdən əlavə həcmlərin tədarük imkanlarını nəzərə alır. SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev Türkmənistan qazının Avropaya tədarük imkanlarına dair məsələyə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, Türkmənistan Avropaya ixrac niyyəti olarsa, Azərbaycan bunun üçün bütün zəruri infrastrukturu təqdim etməyə hazırdır: "Türkmənistan qazının Avropaya tədarükü məsələsi ilə bağlı dəfələrlə danışıqlar aparılıb, lakin indiyədək konkret nəticələr əldə olunmayıb. Hazırda Türkmənistan tərəfi Şərqə istiqamətlənmiş bir neçə qaz nəqli layihələrini həyata keçirir. Qaz tədarükü məsələsində isə Türkmənistan bəyan edir ki, Qərbə qaz tədarük etməkdə maraqlıdır, bununla belə, qazı sərhədə qədər verməyə hazırdır. Xəzər dənizi vasitəsilə qaz tədarükü məsələsi isə açıq olaraq qalır".

TANAP layihəsinə də toxunan nazir Natiq Əliyev deyib ki, layihə çərçivəsində bütün məsələlər həm Azərbaycan, həm də Türkiyə tərəfindən vaxtında və operativ həll olunur: "Azərbaycan belə böyük layihəni birinci dəfədir həyata keçirəcək. Mən ona görə belə deyirəm ki, burada operator qismində Azərbaycan tərəfi çıxış edir. Azərbaycan maliyyələşdirmənin böyük hissəsini öz üzərinə götürür və iştirak payının böyük hissəsinə sahibdir. Layihə çərçivəsində bütün işlər aktiv templə və Azərbaycan-Türkiyə ikitərəfli sıx əməkdaşlığı çərçivəsində həyata keçirilir: "Əminəm ki, layihə nəzərdə tutulmuş vaxtda reallaşdırılacaq".

Natiq Əliyev həmçinin deyib ki, Azərbaycan Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcək: "Bu məqsədlə Azərbaycan prezidenti tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası bu gün 45 milyard dollar sərmayə qoyulacaq dörd böyük layihə ilə məşğuldur. Bu layihələr sırasına daxil olan "Şahdəniz" layihəsinin tam miqyaslı işlənilməsi çərçivəsində iki platforma tikiləcək. Nazir qeyd edib ki, Cənubi Qafqaz boru kəməri Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər genişləndirilməlidir".

Diqqətə çatdırlıb ki, kəmərlə bağlı mühəndis işləri təhlil olunub, Dövlət Komissiyası tərəfindən bəzi qərarlar qəbul edilib, maliyyələşmə məsələsi həllini tapıb: "Ən mühüm layihələrdən biri də Trans-Anadolu kəmərinin (TANAP) tikintisidir. Bu layihədə operator Azərbaycandır, ölkəmiz maliyyələşmənin əksəriyyətini öz üzərinə götürüb. Bu yaxınlarda İstanbulda olarkən TANAP layihəsi ilə bağlı bütün işlərlə məşğul olduq. Həm Azərbaycan, həm də Türkiyə hökuməti tərəfindən vaxtlı-vaxtında qərarlar qəbul edilir, köməkliklər göstərilir. Hansı çətinliklər varsa, operativ həll olunur. TANAP çox mürəkkəb layihədir, həm Türkiyənin ərazisində qurudan, həm də dənizdən kəmər keçəcək. Bunun üçün layihələr hazırlanıb. Boru və digər ləvazimatlarla bağlı artıq sifariş verilib, hazırlıq işləri görülüb. İnanıram ki, TANAP layihəsi vaxtında istifadəyə veriləcək".

N.Əliyev Trans-Adriatik boru kəmərinin (TAP) də mühüm olduğunu qeyd edib: "Bu kəmər Adriatik dənizinin dibi ilə İtaliyaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. Bu layihələr 5 il ərzində həyata keçiriləcək və 5 il ərzində Avropanın enerji xəritəsi dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə