Azərbaycan-Çexiya Qarışıq komissiyasının iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Çexiya Qarışıq komissiyasının iclası keçirilib YENİLƏNİB

Bu gün Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq komissiyanın 2-ci iclası keçirilib. SİA-nın məlumatına görə, daha sonra hər iki ölkənin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Çexiya Biznes Forumu keçirilib. Forumda Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Çexiyanın MDB ölkələri üzrə Ticarət-Sənaye Palatasının icraçı direktoru Frantişek Masopust və iş adamları iştirak edib.

İclasda çıxış edən komissiyanın həmsədri, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan Çexiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişafında dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir. Qarışıq komissiyanın 1-ci iclasından ötən müddət ərzində görülən işlər barədə məlumat verən nazir müavini iki ölkə arasında müqavilə-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü, turizm, mədəniyyət, muzey işi və kitabxana sahəsində sənədlərin imzalandığını diqqətə çatdırıb: "Ölkələrimiz arasında beynəlxalq yükdaşımalarına dair saziş layihəsi isə razılaşdırma mərhələsindədir. Sənaye, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar var".

Niyazi Səfərov ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin, biznes forum, sərgi və s. tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın hazırki sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə də məlumat verib.

Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek çıxışında Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edərək, komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi prespektivlərinə dair fikirlərini bölüşən Qavçiçek çıxışında Çexiya iqtisadiyyatına dair də məlumat verib.

Sonda Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası kökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imalanıb. Sənədi Qarışıq komissiyanın həmsədrləri - Niyazi Səfərov və İrji Qavliçek imzalayıblar. Protokola əsasən, ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta biznesin və sənayenin inkişafı, energetika, kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, səhiyyə, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Sonra iş adamları Azərbaycan-Çexiya biznes forumunda bir araya gəliblər. İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahəsində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, indiyədək iki ölkə arasında 20-dən çox sənədin imzalandığını, ölkələrimiz arasında hökumətlərarası komissiyanın, Parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının fəaliyyət göstərdiyini qeyd edib. Bütün bunlar isə Azərbaycan və Çexiya arasından digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əlaqələrinin inkişafında, iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Hazırda Azərbaycanda xidmət, nəqliyyat, ticarət, tikinti, rabitə və s. sahələrdə 13 çex kapitallı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Çexiya tərəfindən Azərbaycanda əsas kapitala 1 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycanın Çexiya ilə investisiya qoyuluşu və ticarət əlaqələrinin inkişafı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Niyazi Səfərov bu baxımdan biznes forum və sərgilərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Çexiya Respublikasının sənaye və ticarət nazirinin müavini İrji Qavliçek iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Çexiya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Çexiyanın Ticarət və Sənaye Palatasının MDB üzrə icraçı direktoru Frantişek Masopust ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə