Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə azərbaycanlı nazir iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu deyib.
Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı səfərlərinin və görülən işlərin nəticəsi olaraq Azərbaycan və Rusiya arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib: "İki ölkə arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 milyon dollar, qeyri-neft sektoruna isə 168,9 milyon dollar investisiya yatırılıb. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə 995,5 milyon dollar olub".
Şahin Mustafayev bildirib ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafı istiqamətində indiyədək hökumətlərarası komissiya tərəfindən 13 iclas keçirilib: "Rusiya Federasiyasının 4 subyekti ilə Azərbaycan arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir, 14 subyekti ilə, o cümlədən Stavropol diyarı ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox, Stavropol diyarı ilə isə 60%-ə yaxın artıb".
Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqa isə hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını deyib.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, iş adamları arasında əlaqələrin intensivləşdirilməsi məqsədilə birgə biznes forum, sərgi və digər tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda Azərbaycan Respublikasının Naftalan şəhərinin İcra Hakimiyyəti və Rusiya Federasiyası Yesentuki şəhərinin Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma haqqında Saziş imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB