Ekspert: "Avro-4 standartların tətbiqi avtomobil bazarına ciddi təsir edəcək" AÇIQLAMA
"Aprelin 1-dən Azərbaycanda avro-4 ekoloji normalarının tətbiqi ilə əlaqədar ölkəmizə idxal olunan avtomobillərin sayı azaldılacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.
Onun sözlərinə görə, avro-4 standartların tətbiqi ilk olaraq iqtisadi resurslara, ciddi şəkildə avtomobil bazarına təsir edəcək: "Avro-4-ün tətbiqi Azərbaycana avtomobillərin idxalını azaldacaq. 2013-cü ildə Azərbaycana 103 min avtomobil idxal olunub və bu avtomobillərin 94 mini minik avtomobilləridir. Hər il ölkəmizə rekord səviyyədə avtomobil idxal olunması isə Azərbaycanda avtomobil bazasının böyüməsinə və nəticədə nəqliyyatda tıxacların yaranmasına səbəb olur. Mövcud standartlara əsasən, aprelin 1-dən etibarən Avropanın 2005-ci il, Yaponiyanın isə 2011-ci il istehsalı olan avtomobillərinin ölkəmizə gətirilməsi qadağan olunacaq. Bu səbəbdən də 2014-cü ildə Azərbaycana avtomobil idxalında azalma müşahidə olunacaq. İdxalın azalması isə özünü iki istiqamətdə göstərəcək. Belə ki, avtomobil bazarında köhnə maşınların qiymətlərində bahalaşma, nisbətən yeni istehsal olunan avtomobillərin qiymətlərində isə ucuzlaşma müşahidə olunacaq".
Yeni standartlara keçidin müsbət cəhətləri barədə də danışan ekspert deyib ki, avro-4 standartlarının tətbiqi nəticəsində Azərbaycanın Avropa standartlarına inteqrasiyası sürətlənəcək: "Azərbaycan Şərq tərəfdaşlığı çərçivəsində öz standartlarını Avropa standartlarına uyğunlaşdırır. Ölkə prezidenti tərəfindən məhz bu istiqamətdə siyasi iradənin ortaya qoyulması Azərbaycanda avro standartlarının tətbiqini xeyli dərəcədə sürətləndirir. Ölkəmizdə avro-4 standartlarına keçidin baş verməsinin müsbət cəhətlərindən biri də ekoloji baxımdan daha sağlam avtomobillərin ölkəmizə idxalına start verilməsidir. Bununla da köhnə avtomobillərin ətraf mühitə buraxdığı zəhərli qazların həcmi xeyli dərəcədə azalmış olacaq. Eyni zamanda bu standarta keçid bütövlükdə ölkəmizdə avtomobil parkının yenilənməsinə, qəzaların sayının azalmasına imkan yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB