2013-cü ildə bələdiyyələr üzrə 2628 hərrac və müsabiqə təşkil olunub

2013-cü ildə bələdiyyələr üzrə 2628 hərrac və müsabiqə təşkil olunub

"Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Komitə tərəfindən 2013-cü ildə respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 2628 hərrac və müsabiqə təşkil olunub". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib ki, torpaq bazarında hərrac və ya müsabiqələrin Komitə tərəfindən təşkil edilməsi respublikada torpaq münasibətlərinin tənzimlənməsinə və daha da təkmilləşdirilməsinə zamin yaratmaqla yanaşı, torpaqların mühafizəsi və istifadəçiliyi sahələrində dövlət nəzarətinin daha da gücləndirilməsi işlərində ciddi dönüş yaradacaq və bu sahədə şəffaflığı təmin edəcək.

Komitə sədri qeyd edib ki, 2013-cü ildə Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi üzrə müvafiq işlər davam etdirilib: "Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi ilə və nəzarəti altında ölkə ərazisində Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması işləri tamamlanmışdır. Bu məqsədlə respublikamızın xüsusi seçilmiş yerlərində 37 ədəd Peyk Geodeziya Stansiyaları qurulub. Əldə edilən nəticələr göstərir ki, şəbəkə vasitəsilə alınan ölçülərin dəqiqliyi 1-2 sm-dir. Şəbəkənin idarəedilməsi mərkəzi Komitənin Dövlət Aerogeodeziya Müəssisəsində quraşdırılıb. Hesabat ilində Peyk Geodeziya Şəbəkəsi sahəvi fəaliyyəti üzrə maraqlı olan bütün fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada istifadələrinə verilib. Bununla belə, qeyd etmək lazımdır ki, layihə çərçivəsində əldə edilmiş 1:1000, 1:5000 və 1:10 000 miqyaslı ortofotoxəritələr Komitənin müəssisələri ilə yanaşı, ölkənin aidiyyəti təşkilatları tərəfindən də geniş şəkildə istifadə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə